Son yeniləmə: 25 Fevral 2022 00:15
Bayraqdar.info – “Bu il bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən olan Xocalı qətliamının törədilməsindən 30 il ötür. Türkdilli Ölkələrin Parlament Assambleyası Xocalı qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edir, Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir”.
Bu fikirlər Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatında öz əksini tapıb.
TÜRKPA-nın yaydığı məlumata əsasən bəyanatda həmçinin deyilir:“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinə edilən hücum nəticəsində misli görünməmiş qtliam törədilmiş, yaşlılar, qadınlar, uşaqlar da olmaqla yüzlərlə günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilmiş, yaralanmış və əsir götürülmüşdür. Xocalı qətliamı iyirminci əsrin tarixinə ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi daxil olmuşdur”.
Sənəddə qeyd edilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edərək şanlı zəfər qazanıb və tarixi ədaləti bərpa edib: “Bütün türk dünyasının qürur mənbəyi olan Böyük Zəfər Azərbaycan xalqının qələbə əzmini parlaq təcəssümüdür”.
“Üzərindən illər keçsə də Xocalı qətliamı qurbanlarının xatirəsi unudulmur, düşüncələrdə və qəlblərdə yaşayır. Azərbaycan xalqının yanında olmağa davam edərək, TÜRKPA dünya miqyasında həyata keçirilən
“Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasında Azərbaycan hökumətinə dəstəyini ifadə edir”, – deyə sonda bildirilir.