Son yeniləmə: 25 Fevral 2022 17:45
Bayraqdar.info – Fevralın 25-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib.
MOK-un mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, iclasda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
“Qeyd olunub ki, iyulun 24-30-da Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında idmanın 11 növü üzrə yarışlar keçiriləcək. Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilən festivalda Azərbaycan komandası 122 atletlə idmanın 10 növündə təmsil olunub. Yeniyetmə idmançılarımız 10 qızıl, 7 gümüş və 6 bürünc medalla komanda hesabında dördüncü yeri tutublar.
“Avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələlərinin də müzakirə olunduğu iclasda oyunlarla bağlı son qərarın martın 17-nə planlaşdırılan missiya rəhbərlərinin iclasında veriləcəyi bildirilib.
“MOK-un İcraiyyə Komitəsinin iclasında vitse-prezidentlər Fərid Qayıbov, Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, Mariana Vasileva, Könül Nurullayeva, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov və Hacı Ramil iştirak ediblər.
“İclas iştirakçıları Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı, V İslam Həmrəyliyi Oyunları və Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbiri haqda fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə qeyd edilib.