Press "Enter" to skip to content

Qərb özündən başqasını düşünməz

Hulusi Kılıç

Son yeniləmə: 25 Fevral 2022 11:26

Hulusi Kılıç: Gürcüstan olayında Qərbin sərgilədiyi mövqe Ukraynaya münasibətdə bir daha təkrarlandı

Bayraqdar.info – “Təəssüflər olsun ki, Qərb yenə də öz “ənənəsinə” sadiq qaldı. Yəni 2008-ci ildə Gürcüstan olayında Qərbin sərgilədiyi mövqe Ukrayna-Rusiya gərginliyi fonunda bir daha təkrarlandı. Qərb bu gün Ukraynaya qarşı etdiyi etibarsızlığı o zaman da Gürcüstana qarşı etmişdi. Düz 14 il əvvəl Gürcüstanı da yalnız buraxdı”.

Bunu bayraqdar.info-nun “Qərb nədən qurbanlıq olaraq Ukraynanı seçdi, Ukrayna nəyin qurbanı oldu” sualını cavablandıran Türkiyənin Azərbaycandakı sabiq səfiri , “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə Ukraynanın qurban verilməsi Qərbin bacarıqsızlığının yaxud da eqoizminin nəticəsidir: “Günlərlə başda ABŞ olmaqla bəzi Qərb ölkələri “Rusiya bu gün hücum edəcək, sabah hücum edəcək”, – deyə psixoloji təsir etdilər. Eyni zamanda Rusiyanın Ukraynaya hücum edəcəyini bilə-bilə heç bir əməli addım atmadılar. Əksinə hər keçən gün Rusiyanın bu hücumunun daha tez olması üçün əllərindən gələni etdilər. Sonunda da Ukraynaya sahib çıxmadılar. Bunun səbəbi nə olursa-olsun ortada növbəti dəfə təsdiq olunmuş bir həqiqət var – Qərb özündən başqasını düşünməz. Biz Ukraynaya qədər bunun örnəyini bri çox ölkələrdə, son olaraq isə Əfqanıstanda gördük”.

H.Kılıç son olayların çox təəssüf doğurduğunu da deyib: “Çox təəssüflər olsun ki, Qərb ölkələri Ukrayna kimi bir dövləti, bir xalqı pərişan etdilər. Çarəsiz, gücsüz bir vəziyyətdə tək qoydular. Biz bunun belə olmasını heç istəməzdik. Çünki Ukrayna xalqı hər zaman Türkiyəyə və Azərbaycana xoş münasibəti ilə fərqlənib. Bu gün Ukrayna xalqının düşdüyü çarəsiz durum, mühairbə vəhşəti, uşaqların qışqırtısı, qocaların çarəsizliyi həm Türkiyədə, həm də Azərbaycanda ürək ağrısı ilə izlənir. Amma görürük ki, bu vəziyyətin baş memarlarından olan Qərb bütün bunları sadəcə seyr edir. Qərb liderləri bu gün Ukraynanı bu bəladan qurtarmaq üçün hansısa konkret addım atmaqdansa, sadəcə danışırlar. Bu danışıqlar, bu söylənilən sözlər isə Ukraynadakı qırğınların qabağını almır, əksinə vəziyyəti bir qədər də gərginləşdirir. Buna heç cür haqq qazandırmaq, izah vermək mümkün deyil”.

Müsahibimiz bildirib ki, Qərb liderləri istəsəydi vəziyyət bu həddə çatmazdı: “Bu problemi diplomatik yolla həll etmək mümkün idi. Rusiyanın gözləntiləri vardı və buna görə sadəcə Moskva təmsilçiləri ilə oturub müzakirələr aparmaq lazım idi. Bəlkə də 10 il sonra bu gözləntilər sona çatacaqdı. Zamanla hər şey yoluna qoyula bilərdi. Amma Qərb ölkələrinin liderləri bunu sanki istəmədilər. Nəticədə də heç nə qazanmadılar, əksinə Ukraynanı da itirdilər. Halbuki Rusiyanın bir istəyi vardı. Rusiya öz qonşuluğunda NATO üzvü olan ölkə istəmirdi. Qərb buna görə Rusiyaya təminat versəydi, bu gün Ukrayna bu dəhşəti yaşamazdı. Qərb isə başqa yolu tutdu. Nəticədə nəinki Ukrayna NATO üzvü ola bildi, əksinə, bu gün bir dövlət kimi öz müstəqilliyini də itirmək təhlükəsi ilə baş-başa qaldı”.

Mission News Theme by Compete Themes.