Press "Enter" to skip to content

Müttəfiqlik etibarlı dostluq deməkdir

Millət vəkili Musa Quliyev

Son yeniləmə: 25 Fevral 2022 10:14

Bayraqdar.info – “Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər iki ölkənin xalqlarının həyatında mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Müstəqil suveren Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan Moskva Bəyannaməsi uzun illər davam edən tarixi əlaqələri yeni bir müstəviyə, strateji əməkdaşlıq səviyyəsinə daşıyan siyasi-hüquqi platforma olacaq”.

Bu sözləri bayraqdar.info-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Bəyannamənin imzalanması Azərbaycanın xarici siyasət sahəsində ardıcıl fəaliyyətinin növbəti uğuru və Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Azərbaycan xarici siyasətdə milli maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərə həmişə üstünlük verir və bu münasibətlərin beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şərtlər çərçivəsində qurulmasına tərəfdardır.

44 günlük Vətən müharibəsi də göstərdi ki, qələbə üçün diplomatik cəbhə də döyüş meydanı qədər əhəmiyyətlidir və düzgün qurulmuş strategiya hər şeyi həll edir.

“Rusiya Azərbaycanın yaxın qonşusu və müxtəlif sahələrdə uzun illər əməkdaşlıq etdiyimiz güclü dövlətdir. Rusiya ilə münasibətlərimiz illərdir ki, artan xətlə inkişaf edir və dövlətlərimiz arasında 245 müxtəlif xarakterli sənəd imzalanmışdır, ölkələrimiz bir çox müxtəlif platformalı beynəlxalq qurumlarda birgə təmsil olunur, əməkdaşlıq edirlər.

“Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır və işləyir. Heç şübhəsiz ki, Rusiya ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması bu ölkədə yaşayan azərbaycanlıların siyasi, hüquqi, iqtisadi və sosial statusuna öz müsbət təsirini göstərəcək.

“Rusiya Azərbaycanın ən yüksək səviyyədə əməkdaşlıq etdiyi iqtisadi tərəfdaşıdır. Bu müqavilə iqtisadi və ticarət münasibətlərimizin daha optimal faydalı şərtlərlə inkişaf etməsinə siyasi-hüquqi baza yaradacaq.

“Humanitar, sosial, mədəni, turistik əlaqələrin möhkəmlənməsi üçün münbit şərait yaranmışdır və bu münasibətlər ölkələrimiz və xalqlarımız arasında etimadı və dostluğu daha da artıracaq”, – deyə deputat qeyd edib.

Həmçinin, M.Quliyev bu müqavilənin Ermənistanla münasibətlərin normallaşmasına, ərazi bütövlüyünün, suverenliyin, sərhədlərin qarşılıqlı tanınmasına, nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasına təsir imkanlarının daha da artırılmasına yardım edəcəyini deyib. Onun bildirdiyinə görə, keçmiş münaqişə bölgəsində həlli başa çatmayan məsələlərin, o cümlədən Qarabağdakı cinayət əməllərində iştirak etməməş ermənilərin Azərbaycanın qanun-qaydaları ilə yaşamaq zərurətini revanşist güclərə izah etmək üçün bu müqavilənin müddəaları tutarlı sənəd kimi əhəmiyyətlidir.

“43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bütün bəndləri Azərbaycan üçün faydalıdır.

“Əslində Bəyannamənin 1-ci bəndində qeyd olunan “hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” müddəası bu sənədin məğzini və mahiyyətini tam izah edir.

“Bu Bəyannamənin imzalanması Azərbaycanın bölgədə nüfuzunu daha da gücləndirəcək, Ermənistan üzərindəki siyasi-diplomatik üstünlüyümüzü daha da artıracaq, oradakı revanşist qüvvələrin son ümidini də dəfn edəcək, Rusiya ilə münasibətlərimizi daha etibarlı, strateji əməkdaşlıq səviyyəsinə qaldıracaqdır.

“Milli maraqlarımızı həmişə və hər şeydən üstün tutan, qoruyan, inkişaf etdirən cənab Prezident İlham Əliyevin imzası hər zaman xalqımız üçün faydalı olmuşdur və Moskva Bəyannaməsi də dünyanın bu qarışıq dönəmində ölkəmiz üçün etibarlı təminatlar yaradacaq”, – deyə o, qeyd edib.

Açıqlamasında millət vəkili onu da bildirib ki, 2021-ci ilin 15 iyununda imzalanmış tarixi “Şuşa Bəyannaməsi” və 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi qardaş Türkiyə və qonşu Rusiya – bölgənin hər iki nəhəng gücü ilə gücümüzü birləşdirmək, əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaqla bizi dünya güclərinin hesablaşacağı bir qüvvəyə çevirəcək.

“Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti diplomatik uğurudur və millətimizə böyük fayda, tərəqqi və xöşbəxtlik gətirəcək yeni tarixi mərhələnin başlanğıcıdır”, – deyə M.Quliyev vurğulayıb.

Mission News Theme by Compete Themes.