Press "Enter" to skip to content

Lətif Qəndilov: Bu yara xalqımızın qəlbini indi də sızıldadır

Son yeniləmə: 25 Fevral 2022 13:45

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qırğızıstanda silsilə tədbirlər keçirilib

Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qırğızıstanda silsilə tədbirlər keçirilib.

Bu barədə bayraqdar.info-ya fevralın 25-də Azərbaycanın Qırğızıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik tərəfindən Xocalı soyqırımı ilə bağlı geniş press-reliz hazırlanaraq Qırğızıstan XİN-ə, ölkədə akkreditasiya edilmiş səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, mətbuata göndərilib. Bundan başqa, Xocalı soyqırımının 30-ci il dönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı, Azərbaycanın dini liderlərinin müraciəti və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatı Qırğızıstanın aidiyyəti qurumlarına təqdim edilib.

Həmçinin səfirliyin təşəbbüsü ilə Bişkek şəhərinin mərkəzi küçələrində yerləşən 8 ən böyük elektron lövhədə 24 saat ərzində “Xocalıya ədalət!” posterləri nümayiş olunub.

Fevralın 24-də isə Azərbaycanın Qırğızıstandakı səfirliyi “Hyatt Regency Bishkek” otelində böyük anım tədbiri keçirib. Tədbirdə Qırğız Respublikası hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, parlamentin deputatları, ali təhsil müəssisələrinin rektorları, ziyalılar, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Anım mərasimi başlamadan öncə Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Dərdimi çəkirəm” sənədli filmin göstərilib.

Tədbirdə çıxış edən Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov bildirib ki, Xocalı soyqırımından 30 il keçməsinə baxmayaraq bu yara xalqımızın qəlbini indi də sızıldadır.

Səfir məlumat verib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir.

Görülən işlərin nəticəsində, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, 17 ölkənin parlamenti, ABŞ-ın 24 ştatı və bir neçə beynəlxalq təşkilat Xocalı soyqırımı haqqında müvafiq sənədlər qəbul ediblər. O vurğulayıb ki, Xocalı soyqırımı “dənizdən-dənizə Böyük Ermənistan” ideyasının ən qanlı səhifəsindən biridir. Diplomat Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ərzində torpaqlarımızı azad edərək tökülən qanları yerdə qoymadığını söyləyib.

Səfir qeyd edib ki, heç bir cinayət yerdə qalmayacaq, xocalı soyqırımının günahkarları – Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri bəşəriyyət qarşısında mütləq cavab verəcəklər: “Bizim xocalı qurbanları qarşısında borcumuz bu dəhşətləri unutmamaqdır. Əgər unutsaq onda bu cür dəhşətlərlə yenidən üzləşə bilərik”.

Sonra “AZERİ” İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası, 1-ci dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyev çıxış edib. Onun sözlərinə görə, xalqımıza mənəvi təskinlik verən odur ki, Azərbaycan bütün torpaqlarını azad edib, beynəlxalq hüququ bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz diplomatiyası, iqtisadi imkanları və xalqın birliyi sayəsində təkbaşına icra edib.

Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan bildirib ki, Azərbaycan xalqı kimi türk xalqı da Xocalı qətliyamının qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı faciəsi təkcə Azərbaycanın deyil, türk dünyasının deyil, bütün bəşəriyyətin faciəsidir. Onların xatirəsi əbədi yaşayacaq.

Qırğız Respublikası Joqorku Keneşin (Parlametin) deputatı Dinara Aşımova da Xocalı hadisələrindən danışıb. D.Aşimova nümayiş olunan filmin kadrlarının onu sarsıltığını etiraf edərək bildirib ki, heç bir yerdə bu cür cinayətlərə yol vermək olmaz. O, qanunverici orqanın nümayəndəsi kimi Qırğızıstanın Xocalı soyqırımı tanıması üçün səy göstərəciyinə söz verib.

Öz növbəsində, “Veçerniy Bişkek” qəzetinin baş redaktorunun müavini Nina Niçiporova ötən ilin payızında MDB ölkələrindən olan jurnalistlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfəri ilə bağlı keçirilən press-tur haqqında təəssüratlarını bölüşüb . O, gördüklərini XXI əsrin Xirosiması adlandırıb.

Tədbirin sonunda Murad Hüseynovun “İthaf” əsəri nümayiş olunub və Xocalı şəhidlərinin ruhuna ehsan verilib.

Mission News Theme by Compete Themes.