Son yeniləmə: 25 Fevral 2022 10:15
Bayraqdar.info – 25-27 fevral 2022-ci il tarixlərində Bakı şəhərində cüdo idman növü üzrə U-21 Gənclər arasında Azərbaycan birinciliyi başlayacaq.
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə qeyd edilir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.
Üç gün davam edəcək ölkə birinciliyində qızlar -44, -48, -52, -57, -63, -70, -78, +78 kq., oğlanlar isə -55,-60, -66, -73, -81, -90, -100, +100 kq. çəki dərəcəsində güclərini sınayacaqlar. Qeyd edək ki, yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.
“Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda prespektivli idmançıları müəyyən edərək, onların gənclərdən ibarət milli yığma komandaya cəlb edilməsidir”, – deyə xəbərdə bildirilir.