Press "Enter" to skip to content

“Qırmızı kitab”ın 3-cü nəşri hazırlanacaq

BTEB

Son yeniləmə: 25 Fevral 2022 17:43

Bayraqdar.info – AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının iclası keçirilib.

Bu barədə bayraqdar.info-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İradə Hüseynova açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İ.Hüseynova AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair AMEA-nın Tədbirlər planı haqqında” müvafiq qərarından söz açıb. Akademik bu qərarın icrası ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin üzərinə düşən vəzifələrə diqqət çəkib. O, ilk növbədə cari ilin iyun-iyul aylarında “Şuşa şəhəri və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini vurğulayıb.

“Qərarda nəzərdə tutulan digər tədbirlər arasında “Şuşa rayonu və ətraf ərazilərin nadir və itmək təhlükəsində olan və Azərbaycanın “Qırmızı kitab”ına düşmüş bitki müxtəlifliyi ilə bağlı sərgi və seminarın təşkili” məsələsinin də olduğunu deyən akademik daha sonra “Qırmızı kitab”ın 3-cü nəşrinin hazırlanması ilə bağlı görülən işlər, aparılan elmi tədqiqatlar, müvafiq işçi qruplarının son günlərdə baş tutmuş toplantıları barədə iştirakçıları məlumatlandırıb. İradə Hüseynova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, əməkdaşları və mütəxəssisləri ilə “Qırmızı kitab”ın 3-cü nəşri ilə bağlı intensiv məsləhətləşmələrin aparıldığına da diqqət çəkib.

“İclasda AMEA-nın Botanika və Dendrologiya institutlarının elmi şuralarının yeni tərkibləri müzakirə edilib və onların təsdiqi ilə bağlı Rəyasət Heyəti qarşısında məsələ qaldırılması haqqında qərar qəbul olunub. Eyni zamanda, Botanika İnstitutunun 2021-ci il üçün elmi-tədqiqat planında redaktə xarakterli dəyişikliklər edilməsi ilə bağlı da müvafiq qərar qəbul edilib.

“Həmçinin, iclasda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Səftər Süleymanov 70, Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva isə 65 illik yubileyləri ilə əlaqədar bölmənin fəxri fərmanları ilə təltif ediliblər.

“Sonda Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.