Son yeniləmə: 24 Fevral 2022 12:29
Bayraqdar.info – Beynəlxalq tədbirdə Azərbaycanda həyata keçirilən startap layihələr barədə məlumat verilib.
Bu barədə bayraqdar.info-ya fevralın 24-də ASAN xidmətdən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, fevralın 22-də startap ekosisteminin mövcud vəziyyəti, qlobal trendlər və ölkələrdə innovasiya mühitinin inkişafına dair məlumatların və biliklərin mübadiləsi məqsədilə dünya ölkələrinin ən qabaqcıl ekspertləri və liderlərinin rüblük toplantısı olan “Startup Blink Ekosistem” Sammiti keçirilib.
Onlayn formada təşkil olunan sammitdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi ölkəmizdə innovasiya ekosisteminin qurulması və startaplara dəstək məqsədilə həyata keçirilən yerli və beynəlxalq layihələrə dair məlumat verib.
Həmçinin Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin yaradılması, dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında işləmə mexanizmi və əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Sammitdə Azərbaycanla eyni sessiyada Amerika Birləşmiş Ştatları, Serbiya Respublikası, Almaniya Federativ Respublikası, İsveçrə, Şimali Makedoniya və Flippindən olan nümayəndələr iştirak ediblər.
“StartupBlink” yüzdən çox ölkə üzrə startap ekosistemlərinin qiymətləndirilməsini həyata keçirən və bütün ölkələr üzrə sahəvi dövlət orqanlarını, innovasiya mərkəzlərini və tədqiqatçıları birləşdirən ən böyük platformadır.