Press "Enter" to skip to content

Salyan şəhərində yeni içməli su və kanalizasiya infrastrukturları

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

Son yeniləmə: 24 Fevral 2022 16:52

Bayraqdar.info – Salyan şəhərində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır.

Bu barədə bayraqdar.info-ya fevralın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, işlər Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Qeyd edilib ki, yeni layihənin icrasına qədər Salyan şəhərində 1950-70-ci illərdə yaradılmış içməli su və kanalizasiya sistemləri istismarda olub. Şəhərdaxili şəbəkə istismara yararsız vəziyyətə düşdüyündən əhalinin içməli su təminatında ciddi çətinliklər yaranırdı. Salyan şəhərinin yeni salınmış Gilan adlanan yaşayış massivinin isə ümumiyyətlə şəbəkəsi olmayıb və sakinlər içməli suyu əsasən daşıma yolu ilə əldə edirdilər.

Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə 9 km magistral su xəttinin və 7500 kubmetr tutumu olan su anbarının istismara verilməsi ilə şəhərin su təminatı üçün əlverişli imkanlar yaranıb. Ötən müddətdə mərhələlərə Salyan şəhərinin və şəhər mərkəzinə yaxın Babazanlı yaşayış massivinin içməli su şəbəkəsi yenidən qurulub.

Hazırda Salyan şəhərinin yeni yaşayış massivində içməli su şəbəkəsi yaradılır. Bu mərhələ çərçivəsində 11,5 km içməli su şəbəkəsinin 7,5 km-lik hissəsi inşa edilib. Yeni yaradılan şəbəkədən hər bir ünvana birləşmələr verilir. Ümumilikdə ötən müddətdə Salyan şəhərində inşası nəzərdə tutulan 131 km içməli su şəbəkəsinin 105 km-lik hissəsi inşa edilib.

Salyan şəhərində tullantı su infrastrukturunun yenidən qurulması növbəti mərhələlərdə həyata keçiriləcək. Layihə çərçivəsində 123 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi yaradılıb, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək.

Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfər sakin faydalanacaq.

Mission News Theme by Compete Themes.