Press "Enter" to skip to content

Qrant müsabiqəsinin nəticələri açıqlanıb

Son yeniləmə: 24 Fevral 2022 14:19

Bayraqdar.info – Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 200 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Bu barədə bayraqdar.info-ya fevralın 24-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının fevralın 24-də iclası keçirilib. İclasda qeyd edilib ki, müsabiqəyə 194-ü KOB subyekti və 6-sı qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 200 layihə təqdim edilib.

KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 131-i dəstək, 7-si tədqiqat, 62-si isə digər sahələr üzrə layihələrdir.

Qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr – 14 dekabr 2021-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2021-ci il – 10 fevral 2022-ci tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq. Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar.

Mission News Theme by Compete Themes.