Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyi Xocalı soyqırmının 30-cu ildönümü ilə bağlı açıqlama yayıb
Bayraqdar.info – “1992-ci il fevralın 26-da Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərinə qarşı həyata keçirdiyi hücumlarda 613 günahsız dinc azərbaycanlı, o cümlədən qadın və uşaqlar öldürülüb, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Bu hücumlarda mindən çox insan əsir götürülüb. Təəssüf ki, itkin düşənlərin taleyindən bu günədək xəbər tutmaq mümkün olmayıb”.
Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin yaydığı açıqlamada öz əksini tapıb.
Xocalı soyqırmının 30-cu ildönümü ilə bağlı açıqlamada bildirilib ki, yaxın tariximizdə dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımının vurduğu yaralar hələ də yenidir, yaddaşlardadır.
Açıqlamada həmçinin bildirilir: “Xocalıda insanlıq əleyhinə həyata keçirilən qırğında həyatını itirən azərbaycanlı bacı-qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həyatını itirənlərin əziz xatirələri qarşısında ehtiramla baş əyirik”.
“Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi 44 günlük Vətən müharibəsində və 1974-cü ildə Kıbrısda keçirilən Mutlu Barış və Özgürlük Hərəkatında həyatını itirən şəhidlərimizi bir daha rəhmət və ehtiramla yad edirik”, – deyə sonda qeyd edilir.