Press "Enter" to skip to content

Denizlidə Xocalı soyqımının qurbanları yad edildi

Son yeniləmə: 24 Fevral 2022 14:09

Azərbaycan Qarabağ Parkında əkilən ağaca “Şuşa” adı verildi

Pamukkale Universitetinin 3-cü kurs tələbəsi Şəmsiyə İsmayıllı. Özəl olaraq bayraqdar.info üçün

Bayraqdar.info – Fevralın 22-də Türkiyənin Denizli şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirildi. Öncəliklə onu deyək ki, qardaş Türkiyənin hər yerində Azərbaycana xüsusi sevgi var. Amma Denizlidə Azərbaycan sevgisi bir başqadır.

Artıq üç ildir bu şəhərdəki Pamukkale Universitetində təhsil aldığım üçün çəkinmədən deyə bilərəm ki, burada 7-dən 77-yə hər kəs, bələdiyyə başqanından tutmuş sıravi vətəndaşına kimi hər bir denizlili Azərbaycana bir başqa sevgi, hörmət və məhəbbətlə yanaşır. Məhz bu sevgi və hörmətin əlamətidir ki, Denizlidə hər hansı bir diaspor qurumumuzun olmamasına rəğmən (diaspor təşkilatının olmamasının əsas səbəbi də buradakı əksər soydaşlarımızın özlərini hələ ki, bu məsələdən uzaq tutmalarıdır) bu şəhərdə Azərbaycanla bağlı tədbirlər, o cümlədən Xocalı soyqırımının ildönümləri yüksək təşkilatçılıqla baş tutur. Bunun da əsasında Denizli böyükşəhər bələdiyyə başqanı Osman Zolanın Azərbaycana olan sevgi və hörməti dayanır. Məhz sayın Osman Zolanın təşəbbüsü və rəhbərliyi ilə Denzilidə Azərbaycan Qarabağ Parkı salınıb. Həmin parkda isə Xocalı soyqırımı abidəsi ucaldılıb ki, hər il Denizli sakinləri o abidənin önünə toplaşaraq faciə qurbanlarının xatirəsini yad edirlər.

Denizlidə Azərbaycan sevgisi – ÖZƏL

Bu il də ənənəyə sadiq qalındı. Fevralın 23-də Azərbaycanın Türkiyədəki səfirliyi və Denizli Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə parkda tədbir keçirildi.

Bu parkda “Xocalı-Ədalətin unudulduğu yer!” şüarı altında keçirilən anım mərasimində öncə Xocalı soyqırımı abidəsi ziyarət olundu.

Sonra çıxış edən Rəşad Məmmədov Denizlinin Azərbaycana olan sevgi və sayğısına görə qürur hissi keçirdiyini bildirdi. Çıxışında Xocalı soyqırımını törədənlərin hələ cəzalandırılmadığnı deyən səfir daha sonra bildirdi: “Biz gənc nəsillərə hər zaman bu faciələr haqqında həqiqətləri öyrətməliyik ki, gələcəkdə bir daha belə qanlı hadisələr olmasın. Bunun üçün ədalət tələb etməliyik. Bu cinayəti törədənlərin bəziləri hələ də öz ölkələrində vəzifədədir. Bu cinayəti törədənlərdən bəziləri hələ də dünyanı dolaşırlar. Biz onların törətdikləri cinayətə görə cəzalandırılmasını tələb etməliyik”.

Səfir çıxışında həmçinin “Türkiyədə yaşayan qardaşlarımıza, Denizlidə yaşayan insanlarımıza, bələdiyyəmizə, valiliyimizə təşəkkür edirəm. Azərbaycan-Türkiyə dostluğunda, qardaşlığında Denizlinin xüsusi yeri var. Bu da Denizlinin həssaslığıdır. Azərbaycanın haqq səsini eşitməsi, Azərbaycandan öz sevgisini və hörmətini əsirgəməməsidir”, – dedi.

Denizli böyükşəhər bələdiyyə başqanı O.Zolan 30 il keçsə də Xocalıda baş verənləri unutmadıqlarını bildirdi: “Biz bir millət, iki dövlətik. Biz sizin hiss etdiyiniz ağrıları hiss edir, sizin hiss etdiyiniz sevinci yaşayırıq. Biz Xocalı soyqırımını, uşaq, qadın, qocadan asılı olmayaraq 613 qardaşımızın qətliamını pisləyirik”.

2016-cı ildə Azərbaycan Qarabağ Parkını salmaq və burada Xocalı soyqırımı abidəsini ucaltmaq qərarına gəldiklərini xatırladan bələdiyyə başqanı “2016-cı ildə biz bu parkı salanda Qarabağ işğal altında idi. Qarabağ həqiqətən də bizim dərdimizdi, amma bu günə baxanda 30 ildən artıq işğalın başa çatması bu ağrını bir az da unutdurur. Amma biz bunu heç vaxt yaddaşımızdan silməməliyik” dedi.

O.Zolan çıxışını belə davam etdirdi: “Biz sizin ağrınızda və mübarizənizdə həmişə bir millət olaraq bir yerdə olacağıq. Bu, qardaşlığımız haqqında gələcəyimizi izah edəcək bir abidə olacaq”.

Çıxışlardan sonra səfir R.Məmmədov, Denizli Böyükşəhər Bələdiyyəsinin sədri O.Zolan, Denizli valisinin müavini Adem Uslu, həmçinin digər qonaqlar və yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, burada təhsil alan tələbələr abidə önünə qərənfil düzdülər. Eyni zamanda Qarabağ Parkında birlikdə çinar ağacı əkildi. Dibinə Şuşadan, Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik bəyannaməsinin imzalandığı ərazidən gətirlmiş torpağın töküldüyü ağaca da məhz “Şuşa” adının verildiyi bildirildi. O.Zolan qeyd etdi ki, bu ağac Qarabağ Parkını ziyarət edən hər kəsdə qardaşlıq duyğularını daha da yüksəldəcək.

Azərbaycanın Türkiyədəki səfirliyi, Denizli Böyükşəhər Bələdiyyəsi və Türk Ocaqları Denizli şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan növbəti tədbir isə Denizli Böyükşəhər Bələdiyyəsinin Nihat Zeybekçi Konqres və Mədəniyyət Mərkəzində baş tutdu.

Tədbir iştirakçıları öncə Xocalı soyqırımına həsr olunmuş fotosərgiyə baxış keçirdilər.

Ardınca da “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi dəyişiklik” adlı konfrans keçirildi.

Konfransda öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Prof. Dr Turgut Tokun moderatorluğu ilə keçirilən konfransda səfir R.Məmmədov, Doç. Dr. Esma Özdaşlı (Burdur M.Akif Ersoy Universiteti) və tanınmış ziyalı Sedat Serdaroğlu məruzələrlə çıxış etdilər.

Məruzəçilərə söz verməzdən öncə Prof. Dr Turgut Tok Xocalı soyqırmının insanlıq əleyhinə törədilmiş cinayət olduğunu dedi. O, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bildirdi. Qeyd etdi ki, xalqlarımızın həyatındakı sevincli və kədərli heç bir gün unudulmamalıdır.

Səfir R.Məmmədov çıxışında öncə qeyd etdi ki, tədbir Prezident İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında imzaladığı məlum Sərəncama uyğun olaraq “Xocalıya ədalət!” Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində keçirilir.

Bildirildi ki, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. Bu kampaniya beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır.

Səfir çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında qazandığı tarixi Qələbə barədə də danışdı.

Dos. Dr. Esma Özdaşlı isə Xocalı soyqırmının unudulmaması üçün bu faciə barədə gənclərə daim məlumat verilməsinin zəruri olduğunu dedi. O, çıxışında Azərbaycanın tarixi Zəfərindən danışaraq bildirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sayəsində qazanılan tarixi Qələbənin real nəticəsi regionda sülh və inkişafa tərəfdar olan bütün ölkələrin maraqlarını əks etdirir.

Daha bir məruzəçi, tanınmış ziyalı Sedat Serdaroğlu öz növbəsində Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verdi. Çıxışda o da bildirildi ki, son iki əsr ərzində ermənilər zaman-zaman türklərə qarşı amansız terror və soyqırımı aktları həyata keçirib.

Qeyd edək ki, konfransda diplomatlar, yerli hakimiyyət orqanlarının rəhbərləri və ictimaiyyətin görkəmli təmsilçiləri, eləcə də Türkiyənin tanınmış alimləri iştirak edirdilər.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.