Son yeniləmə: 24 Fevral 2022 09:48
Bayraqdar.info – Azərbaycanın şimal-qərb qapısında suvarma mövsümünə hazırlıq görülür.
Bunu bayraqdar.info-ya fevralın 24-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə. Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərinin fasiləsiz suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində daim mühüm işlər həyata keçirir: “İdarənin xidməti sahəsində 6823 hektar suvarılan torpaq sahəsi var. Bundan 2230 hektar əkin sahəsi,3778 hektarı həyətyanı sahə və 2392 hektarı çoxillik əkinlərdir. Suvarma dağ çaylarından gələn suların hesabına aparılmaqla,əsasən öz axını ilə həyata keçirilir”.
Bundan əlavə olaraq suvarmanın aparılması üçün artezian və subartezian quyularından da istifadə olunur. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir.
Bildirilib ki, bu məqsədlə rayonda 210 kilometrə yaxın suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 km təsərrüfat arası kanallar, 170 kilometrə yaxını isə təsərrüfat daxili kanallardır.
Ötən il suvarmaya hazırlıqla əlaqədar kanallarda 312 min kub metr həcmində təmizləmə işləri aparılıb. Hazırda başlanğıcını Balakən çaydan götürən və 4 kəndin ərazisində 1800 ha əkin sahəsinin suvarılması üçün istifadə olunan Gers kanalında təmizləmə işləri görülür. Gers kanalı suvarmada istifadə olunmaqla yanaşı dağlardan gələn sel sularının ötürülməsinə də xidmət edir. Bundan başqa su itkisinin qarşısının alınması məqsədilə rayon ərazisindən keçən və bu vaxta qədər torpaq məcralı olan Balakən-2 suvarma kanalı beton üzlüyə alınıb. Onun sözlərinə görə, Balakən-2 suvarma kanalının beton üzlüyə alınması ilə ətrafda yerləşən əkin sahələrinin də suvarılması daha da yaxşılaşdırılıb. Fermerlərin sözlərinə görə, yeni beton kanalla verilən su artıq itkiyə getmir.
“Respublikanın sıx çay şəbəkələrinə malik bölgələrindən biri hesab olunan Balakəndə Mazımçay, Katex çay, Balakən çay, Himbul çay, İnterçay və sair dağ çayları mövcuddur. Mövsümlə əlaqədar olaraq, əsasən də yaz və payız aylarında həmin çaylar daşaraq ətrafdakı kəndlərə,əkin sahələrinə böyük təhlükələr yaradır. Suvarma Sistemləri İdarəsinin həyata keçirdiyi tədbirlərdən biri də həmin çaylardakı daşqınların törədəcəyi təhlükələrin yarada biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə məcra təmizləmə və sahil bərkitmə işləri aparmaqdan ibarətdir”, – deyə o, əlavə edib.
Qeyd edilib ki, yaşayış məntəqələrinin və əkin sahələrinin mühafizəsi məqsədilə idarənin balansında olan bəndlərdən 11911 metr Balakənçay sistemində, 4480 m Katexçay sistemində, 6437 m isə Mazımçay sistemindədir: “Ötən ilin 12 ayı ərzində daş-beton bəndlərdə rayonun Mahamalar kəndinin müdafiəsi üçün 900 kub metr həcmində,şəhər ərazisinin mühafizəsi üçün 824 kub metr həcmində cari təmir işləri, Katex kəndinin mühafizəsi üçün isə 2000 kub metr həcmində əsaslı təmir işləri və 458 kub metr həcmində cari təmir işləri aparılıb”.