Son yeniləmə: 23 Fevral 2022 10:00
Bayraqdar.info – “Rusiya ilə Azərbaycan arasındakı Bəyannamə hazırda hakimiyyətdə olan rejimin təcili istefaya getməsini zəruri edən növbəti təzahürdür. Özü də bu, beynəlxalq səviyyəli səbəbdir. Hakimiyyətin strateji tərəfdaşının da başa düşə bilmədiyi savadsız xarici siyasətinə görə, Ermənistanın diplomatik mövqeləri zəifləyib, əvəzində bölgədə türk faktoru ciddi şəkildə möhkəmlənib.”
Bu sözlər fevralın 22-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandıqdan dərhal sonra Ermənistan Respublika Partiyasının açıqladığı bəyanatdandır. (Mənbə: Sputnik Armenia) Göründüyü kimi, Ermənistan ictimai rəyi Azərbaycanla Rusiyanın münasibətləri daha üstün mərhələyə keçirməsindən narahatdır. Onlar bu münasibətlərin Ermənistanı daha da əlverişsiz vəziyyətə salacağından narahatdır.
Ümumiyyətlə isə Azərbaycanın dünyanın bu qarışıq vaxtında Rusiya ilə belə bir sənəd imzalaması müəyyən narahatlıqlar gətirsə də mahiyyətə baxıldığında zərərli deyil. Nəinki zərərli deyil, hətta deyərdik ki, Azərbaycan üçün əlavə təminatdır. Nəzərə alaq ki, Qərbin bəhbəhlə dəstəklədiyi, qızışdırdığı və nəticədə ortalıqda sahibsiz buraxdığı Ukraynanın başına gələnlər fonunda Azərbaycan bölgənin əsas gücü olan Rusiyadan faktiki olaraq özü üçün əlavə təminat əldə edib. Yəni bu Bəyannamə Rusiyanın Azərbaycana rastgələ müdaxiləsini ən azından indiki mərhələ üçün arxa plana keçirib. Çünki sənəd bərabərhüquqlu tərəflər arasında imzalanıb.
Prezident İlham Əliyevin Bəyannamə imzalandıqdan sonra etdiyi çıxışda xüsusilə sənədin 1-ci maddəsinə istinad etməsi isə bir daha əminlik yaradır ki, Azərbaycan dövlətinin müstəqilliyi üçün hər hansı təhlükə yoxdur. İ.Əliyev öz çıxışında həmin maddəni tam olaraq təqdim etdi və biz də düşünürük ki, oxucularımız üçün onu təkrar təqdim etməkdə fayda var.
“1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Olduqca aydın, açıq, birmənalı məqamların qeyd olunduğu bu maddə ümumilikdə sənədin ruhunu təşkil edir. Yəni Rusiya dövləti qarşılıqlı şəkildə Azərbaycana məhz bu prinsiplər əsasında yanaşacaq, eyni davranışı da Azərbaycan sərgiləyəcək.
Bu baxımdan düşünürük ki, Azərbaycanla Rusiya arasında imzalanmış Bəyannamə münasibətlərin yeni mərhələyə çıxarılması, özəlliklə də ölkəmizin Quzey istiqamətindən gələ biləcək təhlükələri neytrallaşdırması baxımından olduqca əhəmiyyətlidir. Biz nəzərə almalıyıq ki, belə bir Bəyannamənin imzalanması Azərbaycanın ümumi xarici siyasətini, özəlliklə də Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığını heç bir şəkildə əngəlləməyəcək. Bu isə bizim üçün olduqca vacib – prinsipial məsələdir. Eyni zamanda Azərbaycan-Türkiyə, həmçinin Azərbaycan-Avropa Birliyi münasibətləri də bu Bəyannamədən zərər çəkməyəcək. Yəni Azərbaycan elə Rusiyanın özü kimi istər daxili, istərsə də xarici siyasətində Bəyannaməyə qədər olan müstəqilliyini davam etdirəcək. Əlavə olaraq isə gərəkli anlarda yanında Rusiya kimi qlobal gücün dəstəyini öncədən təmin etmiş olacaq.
Ümumilikdə giriş və əlavə 43 maddədən ibarət olan sənədin hər bir maddəsi, əslində ayrıca təhlil və izah edilməlidir ki, cəmiyyətdə yanlış fikirlər yaranmasın. Lakin bizim hazırda bunu etmək üçün yetərincə imkanımız olmadığına görə (sənəd iri həcmlidir), sadəcə daha bir olduqca önəmli maddə üzərində fikrimizi cəmləmək istərdik.
“11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.”
Bu maddə özəlliklə də Azərbaycan üçün olduqca vacibdir. Çünki ölkəmizin ərazisində Rusiya əleyhinə fəaliyyət göstərən hər hansı təşkilat yoxdur. Düzdür, Rusiyaya mənfi münasibət bəsləyən, yaxud da bəzən fərqli-radikal yanaşan şəxslər var. Amma ümumilikdə o ölkəyə düşmən münasibətilə seçilən nə bir fərd, nə də təşkilat yoxdur. Bunun əksinə olaraq Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən çox sayda təşkilat var. Onların bir çoxu birbaşa ermənilərə bağlıdır. Başqa bir qismi isə Azərbaycanda yaşayan ayrı-ayrı etnik qruplara yaxın olan radikal bölücü təşkilatlardır ki, məqsədləri ölkəmizdə iç qarışıqlıq yaratmaqdır. Bu Bəyannamə məhz o cür təşkilatların fəaliyyətinin qarşısının alınmasını artıq bir öhdəlik olaraq nəzərdə tutur. Yəni Rusiya qısa müddət ərzində həmin təşkilatları və onlarla eyni zərərli mövqeyi paylaşan fərdləri neytrallaşdırmalı olacaq…
Sonda bir daha qeyd etmək istərdik ki, sözügedən Bəyannamə dünyanın bu qarışıq mərhələsində Azərbaycan üçün Rusiya istiqamətindən əlavə və möhkəm bir təminat rolunu oynayacaq. Və bunu da təkrar vurğulamaq istərdik ki, Qərbin öz tərəfdaşlarını Rusiya qarşısında yalqız buraxması örnəkləri fonunda Azərbaycan Prezidenti İlham Əliyevin bu gedişi həqiqətən uzaqgörən strateji düşüncə məhsulu kimi qitmətləndirilməlidir.
Sonda: Əlbəttə, Bəyannamə ilə bağlı cəmiyyətimizdə narahat olan kəsim də var. Lakin əminəm ki, o kəsimə aid insanların böyük əksəriyyəti sənədin mətni ilə tanış deyil. Şəxsim Bəyannamənin həm Azərbaycan, həm də rus dilində olan mətnini diqqətlə oxumuşam. Hətta deyərdim ki, daha çox tənqidi mövqedən yanaşaraq oxumuşam ki, nəyəsə ciddi irad bildirmək imkanım olsun. Açığı, sənəd o qədər diqqətlə işlənib hazırlanıb ki, mənim kimi bir şəxsə belə bəhanə yeri qoymayıblar. Bu isə o deməkdir ki, tərəflər cəmiyyətin həssaslığını və istəklərini diqqətə almağı bacarıblar.
Lap sonda: Sənədin imzalanmasından sonra prezidentlər media önünə çıxarkən bildirildi ki, Bəyannamə ətrafında bağlı qapılar arxasında müzakirə 5 saat civarında davam edib. Bu isə bir daha onu göstərir ki, hər iki tərəf bərabər şəkildə bu sənədin hər bir maddəsini ciddi-ciddi müzakirə edib və razılaşdırıb ki, ictimaiyyətin narazılığı üçün əsaslar qalmasın…