Son yeniləmə: 23 Fevral 2022 10:03
Bayraqdar.info – “Peşə öyrən, işsiz qalma” devizi ilə növbəti peşə hazırlığı kursuna başlanacaq. Kursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi keçirir.
Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, Qusar rayonu Quxuroba kəndində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisəsinin elan etdiyi vakansiyalar üzrə təşkil ediləcək kurs traktorçu və budama mütəxəssisi peşələrini əhatə edir. Seçim zamanı müəssisənin Qusar rayonunun Balaqusar, Düztahir, Gican, Qullar, Maqsudkənd, Minəxur, Moruq, Mucuq, Üzdənoba kəndlərində yerləşən sahələrinə yaxın ərazilərdə yaşayan vətəndaşların işə qəbuluna üstünlük veriləcək.
İşə qəbul ediləcək şəxslər əvvəl peşə hazırlığı kurslarına cəlb ediləcək və kurs müddətində onlara minimum əməkhaqqı məbləğində təqaüd ödəniləcək.
Əməkdaşlıq çərçivəsində peşə kursunu uğurla bitirən 40 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.