Son yeniləmə: 23 Fevral 2022 17:52
Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə birgə bəyanatla çıxış edib
Bayraqdar.info – Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə birgə bəyanatla çıxış edib.
Bu barədə bayraqdar.info-ya fevralın 23-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.
Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli, Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən qərarını xatırladıblar. Bu kontekstdə gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsi zərurəti vurğulanıb.
Britaniyalı parlamentarilər, həmçinin münaqişənin yekunlaşmasını alqışlayaraq, regionda maraqlı bütün tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər. Bununla yanaşı, post-münaqişə mərhələsində bir sıra çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi, komunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd edilib, bu çağırışların həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib.
Məlumatda o da xatırladılıb ki, birgə bəyanat indiyə qədər Böyük Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi ilk birgə təşəbbüsdür. Təşəbbüsə Parlamentin İcmalar Palatasının üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Sheikh, Lord Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzoor və Lord Flayt qoşulub. Bundan əvvəl 2017-ci ildə isə Şotlandiya regional parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik təşəbbüsü regional parlamentin əksər üzvləri tərəfindən dəstəklənib.
Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun 22 fevral 2022-ci il tarixində keçirilmiş iclasında da Xocalı faciəsinin 30-cu ildönümü müzakirə edilib, iclasda iştirak edən parlamentarilər tərəfindən Xocalı qətliamı ilə bağlı bir daha Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib.