Press "Enter" to skip to content

İlham Əliyev Moskvada Mixail Mişustinlə görüşüb

İlham Əliyev və Mixail Mişustin

Bayraqdar.info – Prezident İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşılayıb. Onlar birgə foto çəkdiriblər. Daha sonra İ.Əliyevlə M.Mişustin arasında görüş olub.

“Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, – Siz yəqin bu barədə ətraflı danışdınız, – 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar üçün böyük potensial mövcuddur. Bizim hökumətlərarası komissiya bu məsələni fəal həll edir. Rusiya Federasiyası tərəfindən komissiyaya Baş nazirin müavini Aleksey Loqvinoviç Overçuk kuratorluq edir. Rusiya şirkətlərinin Azərbaycana müntəzəm işgüzar missiyaları da müsbət nəticələr verir. Biz bu əlaqələri, Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunan səfərləri davam etdirmək istərdik. Biz, həmçinin regionlararası əlaqələrimizə də böyük diqqət yetiririk. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir”, – deyə M.Mişustin Azərbaycan Prezidentinə bildirib.

“Prezident İ.Əliyev öz növbəsində qeyd edib ki, yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır: “Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək.

“Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.

“Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca təşəkkür etmək istərdim. Biz çox minnətdarıq ki, bizə mütəxəssis briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz “Sputnik-V” vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə işləmək niyyətindəyik.

“Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir daha sağ olun. Əlaqələndirmə Mərkəzinin çox maraqlı təqdimatına görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn praktiki məsələləri müzakirə edəcəyik. Sağ olun”, – deyə Prezident İ.Əliyev bildirib.

Mission News Theme by Compete Themes.