Son yeniləmə: 23 Fevral 2022 19:02
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən “Dinməyən acı: Xocalı” adlı siyasi-tarixi və sənədli kitab nəşr olunub.
Bu barədə bayraqdar.info-ya fevralın 23-də Komitədən məlumat verilib.
Bildirlib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı əsər 8 fəsildən və 688 səhifədən ibarətdir. Nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu, tərcüməçi Mətin Yıldırımdır.
Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan dövlətinin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, qondarma “Böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımının səbəb və məqsədlərinə aydınlıq gətirilib.
Əsərdə Xocalı faciəsinin soyqırımı aktı kimi tanıdılması istiqamətində həyata keçirilən hüquqi-siyasi proses, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımlar barədə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin qərarları, Xocalı soyqırımının acılarını yaşayan soydaşlarımızın ifadələri, faciə barədə 1992-ci ildə dünya mətbuatında yer alan xəbərlər tədqiqata cəlb olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının ümumdünya sülh çağırışı olduğunu əsaslandıran müəllif Xocalı soyqırımının tanınması ilə bağlı indiyədək mövcud olan sənədləri, eləcə də bütün dünyada salınan Xocalı parkları və abidələri barədə məlumatları ayrı bir fəsildə oxuculara təqdim edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə kitabda “Zəfər bölümü” başlığı ilə verilib. Böyük Zəfərə və ondan sonrakı proseslərə aid bütün sənədlərin mətni əsərdə əksini tapıb.
Kitabda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini, yaşayış yerlərini və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən fotolar AZƏRTAC tərəfindən lentə alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a verdiyi müsahibənin kitabın mövzusuna aid olan əsas məqamları əsərin sonunda xüsusi bir bölümdə təqdim olunub.