Son yeniləmə: 23 Fevral 2022 14:43
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 fevralda növbəti hərrac keçirlib. Bu dəfəki hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 1 dövlət obyekti və 17 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən əmlaklara 10-u elektron olmaqla ümumilikdə 66 sifariş verilib.
Bu barədə bayraqdar.info-ya fevralın 23-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sifarişlərin çox olması hərracı rəqabətli edib. Belə ki, ilkin start qiyməti 3 min 500 manat olan “Kamaz” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 26 min 100 manata satılıb. Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Toyota Land Crusier” olub. İlkin satış qiyməti 10 min manat olan bu maşına edilən son təklif 27 min 800 manat olub.
Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyəti “Tovuz Məişət” ASC-dir. Adıçəkilən səhmdar cəmiyyətin 30 faizlik səhm paketi 16 min 568 manata satılıb.
Özəlləşdirilən dövlət obyekti isə Qazax rayonunda yerləşir. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 167 min 268 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.