Press "Enter" to skip to content

Bu cinayətin günahkarları gec-tez haqq etdikləri cəzanı alacaqlar

Emin Həsənli

Son yeniləmə: 23 Fevral 2022 10:34

Emin Həsənli: Xocalı soyqırımı göstərdi ki, ermənilərin ziyalıları da qaniçən – insanlığa qənim kəsiləndir

Bayraqdar.info – “Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciələrindən biridir. BMT yaradılandan, həmçinin dünyada hüquq və azadlıqlarla, o cümlədən insanlıq əleyhinə cinayətlərlə bağlı konvensiyaların qəbulundan sonra bu cür hadisələrin törədilməsi iki məqama işarə edir”.

Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, birinci budur ki, dünyada hələ də insanlara, bəşəriyyətə qənim kəsilən toplumlar, siyasətçilər, hərbçilər var: “Görünür ki, bəzən belələrinin vaxtında cəzalandırılmaması digərlərini də bu cür cinayətlərə sövq edir. İkincisi isə Qərbin bu cür hadisələrə ikili standarlardan yanaşmasını qeyd edə bilərəm. Kimsəyə sirr deyil ki, özlərini demokratiya carçıları, insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən bəzi Qərb dövlətləri eyni məsələlərə fərqli prizmalardan yanaşırlar. Bunun da kökündə onların maraqları dayanır. Yəni məhz dövlətlərin davranışının nəticəsində də həm bu cür bəşəriyyət əleyhinə cinayətlər törədilir, həm də bu cinayətləri törədənlər cəzasız qalır”.

Müsahibimiz deyib ki, həmin dövlətlərin ikili standartı bəzən bütün hədləri aşır: “Təsəvvür edirsiniz ki, yüz il bundan öncə olmayan bir məsələni “soyqırımı” kimi tanıyaraq Türkiyəyə təzyiq edən həmin Qərb dövlətləri cəmi 30 il əvvəl dünyanın gözü qarşıısnda baş verən Xocalı soyqırmına laqeyd yanaşırlar. Çünki dediyim kimi, onlar bütün məsələlərə öz maraq prizmaları çərçivəsindən yanaşırlar. Nəticədə də bu cür faciələr təkrarlanır”.

Qeyd olunub ki, Xocalı soyqırımının günahkarları Robert Köçəryan və Serj Sarqsyan Ermənistanın prezidenti kimi uzun illər Qərbdə qəbul edildi, tədbirlərdə başda oturduldu: “Heç bir Qərb ölkəsi, yaxud da bu gün müstəqil siyasət yürüdən dövlətlərə qarşı demokratiyanı, insan hüquqlarını əllərində bayraq edərək təzyiq mexanizmi rolunu oynayan bəzi təşkilatlar bu canilərə Xocalı ilə bağlı bircə sual belə vermədilər. Bax, budur Qərbin ikili standartları, bax, budur bəzi Qərb qurumlarının ikiüzlü siyasəti”.

E.Həsənli bildirib ki, Xocalı soyqırımı başqa bir məqamına görə də dünyanın diqqətində olmalıdır: “Söhbət bir xalq olaraq ermənilərin insanlığıa qarşı cinayətlər törətməsindən gedir. Bəli mən çəkinmədən “bir xalq olaraq” deyirəm. Çünki adətən hər hansı bir ölkədə bu cür qanlı cinayəti törətməyə hərbçilər, siyasətçilər meyilli olurlar. Şairlər, yazıçılar, bir sözlə ziyalılar isə sülh tərəfdarı olur, münaqişələrin yatırılmasında öndə gedirlər. Amma Xocalı soyqırımı göstərdi ki, ermənilərin ziyalıları da qaniçən – insanlığa qənim kəsilənlərdir. Hər halda Zori Balayanın timsalında bu dediklərimiz özünü tam təsdiq edir”.

“Amma kimin necə davranmasından, hansı dövlətin, yaxud da beynəlxalq təşkilatın məsələlərə necə yanaşmasından asılı olmayaraq dəyişməyən bir həqiqət var. 1992-ci ilin fevralında Xocalıda bəşəriyyət əleyhinə cinayət törədilib. İnsanlığın üz qarası olan bu cinayətin günahkarları isə gec-tez haqq etdikləri cəzanı alacaqlar. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, necə ki, 30 ildə beynəlxalq qurumların icra etmədiyi BMT qətnamələri 44 gün ərzində icra olundu, eləcə də Xocalı soyqırmının günahkarları da aradan neçə il keçsə də bir gün öz cəzalarını alacaqlar. Buna kimsənin şübhəsi olmasın. Əvvəla ona görə ki, bu məsələdə Azərbaycan dövlətinin və xalqının qətiyyəti ortadadır. Digər tərəfdən isə Xocalı soyqırımı həm də hərbi cinayətdir və hərbi cinayətlər heç zaman bağlanmır. Yəni bu hərbi cinayəti törədənlər beynəlxalq məhkəmədə olmasa da, Azərbaycan məhkəmələri önündə mütləq dayanacaqlar”, – deyə, müsahibimiz sonda qeyd edib.

Mission News Theme by Compete Themes.