Bayraqdar.info – Azərbaycandakı Rus İcması fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış Bəyannaməni alqışlayır.
Bu haqda xəbəri bayraqdar.info-ya fevralın 23-də İcmanın sədr müavini Anastasiya Lavrina verib.
Xəbərdə qeyd edilir ki, Bəyannamənin imzalanması faktiki olaraq ikitərəfli münasibətlərdə yeni vacib mərhələnin başlanğıcı deməkdir. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində bu sənədin imzalanması münasibətləri prinsipial yeni strateji iş birliyi səviyyəsinə yüksəldir. Bundan sonra Azərbaycanla Rusiya yalnız tərəfdaş deyil, həm də bir sıra məsələlərdə müttəfiqdir.
“Biz – Azərbaycanın etnik rus əhalisi Prezident İlham Əliyevin mövqeyini və fəaliyyətini tam dəstəkləyirik və Rusiya ilə müttəfiqlik haqqında Bəyannamənin imzalanmasını dərin məmnuniyyətlə təqdir edirik. Heç şübhəsiz bu sənəd onsuz da sabit şəkildə inkişaf edən iş birliyini daha da gücləndirəcək”, – deyə xəbərdə bildirilir.