Press "Enter" to skip to content

Səfir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində

Son yeniləmə: 22 Fevral 2022 09:49

Bayraqdar.info – Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. Səfir burada əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılan şəraitlə tanış olub.

Bu barədə bayraqdar.info-ya fevralın 22-də ƏƏSMN-dən məlumat verilib.

Bildirlib ki, mərkəzdə V.Cüniçi ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib.

Qeyd olunub ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan insanların istedad və inteqrasiyasına xüsusi qayğının növbəti təzahürüdür. Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bu mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

V.Cüniçi Mərkəzdə əlilliyi olan şəxslərin yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə bağlı yaradılan şərait, burada aparılan işlər, dövlətimizin əlilliyi olan şəxslərin sosial müdafiəsi və inteqrasiyası sahəsində siyasəti barədə xoş təəssüratlarını qeyd edib.

İki ölkədə aparılan sosial islahatlara və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibəti ilə Nippon Fondu, Milli Abilimpiya Federasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda “True Color Festival”ının keçirilməsi, Yaponiya və Azərbaycanda olan abilimpiya hərəkatı barədə müzakirələr aparılıb.

Görüşdə səfir Azərbaycan tərəfini Yaponiyadakı inklüziv müəssisələrlə tanışlıq, təcrübə mübadilələri üçün ölkəsinə dəvət edib.

Mission News Theme by Compete Themes.