Son yeniləmə: 22 Fevral 2022 22:50
Bayraqdar.info – Hərdən cəmiyyətdə, məhəllədə özünü vacib adam, səlahiyyətli şəxs kimi aparan, təqdim edən insanlarla qarşılaşırıq. Bu tip insanlara əhəmiyyət verməyənlr də olur, onların dələduz tələsinə düşənlər də. Belə insanların əksəriyyəti özünü “hər yerə əli çatan”, “əlaqələri olan” şəxs kimi tanıdır və ayrı-ayrı insanlardan onların hər hansı bir işini həll edəcəyi vədini verməklə pul alır. Belə dələduzlardan biri də özünü vəzifəli şəxs kimi təqdim edən və insanları aldadaraq onlara zərbə vuran Sübhan Tağıyev olub.
Fevralın 22-də S.Tağıyevin barəsində Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, S.Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Məlum olub ki, S.Tağıyev Sumqayıt şəhər Təhsil İdarəsinə gedərək özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib. O, İdarədən Baş Prokurorluğun Mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edib. Daha sonra S.Tağıyevin namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə yalan vəd verərək 2021-ci il fevralın 2-də ondan 2 min 500 manat pulu dələduzluqla ələ keçirdiyinə dair şübhələr yaranıb. Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.