Son yeniləmə: 22 Fevral 2022 14:33
Bayraqdar.info – Azərbaycanda səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyub.
Bayraqdar.info Milli Məclisin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin xəbərinə əsasən bildirir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.
“Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüblər. Nümayəndə heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
“Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib”, – deyə xəbərdə qeyd edilir.