Press "Enter" to skip to content

Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri keçirilib

Son yeniləmə: 22 Fevral 2022 11:45

Bayraqdar.info – “Ağcabədi, Ağdaş, Göyçay, Tərtər, Yevlax, Zərdab və Bərdə rayonları üzrə ümumi təhsil müəssisələrində TOPs təlimləri keçirilib. Təlimlər Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs – təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təşkil olunub”. Bu məlumat fevralın 22-də Təhsil Nazirliyindən bayraqdar.info-ya daxil olub.

Məlumatda deyilir ki, təlimlərə qeyd olunan rayonlarda fəaliyyət göstərən 410 ümumi təhsil müəssisəsindən 600 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb olunub.

“Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil oluan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.

“Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsi aparılıb.

“Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.