Press "Enter" to skip to content

Bunun əsas səbəbi dünyada mövcud olan ikili standartlardır

Ekrem Arıkoğlu

Son yeniləmə: 22 Fevral 2022 09:10

Ekrem Arıkoğlu: Qərb ölkələri Xocalı soyqırımının günahkarlarının layiqli cəza almaları üçün konkret addım atmır

Bayraqdar.info – “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir. Lakin təəssüflər olsun ki, aradan 30 il keçməsinə baxmayaraq dünya bu soyqırımın günahkarlarının layiqli cəza almaları üçün konkret addım atmır. Bunun da əsas səbəbi dünyada mövcud olan ikili standartlardır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi, Prof. Dr. Ekrem Arıkoğlu deyib.

Onun sözlərinə görə, Rusiya, Fransa, ABŞ kimi ölkələr soyqırımı məsələsinə öz prizmalarından, öz maraqlarından yanaşırlar: “Yəni əgər dünyanın müxtəlif yerlərində bu soyqırımını törədənlər ABŞ, Fransa və Rusiya kimi ölkələrə yaxındırlarsa o zaman bu ölkələr həmin soyqırımı görməzdən gəlir. Yox, əgər özlərinə yaxın deyilsə, o zaman hətta olmayan bir hadisəni belə soyqırmı kimi qələmə verərək səs-küy salırlar. Buna misal olaraq onların uydurma “erməni soyqırımı” ətrafında yaratdıqları hay-küyü göstərə bilərik. Məsələ burasındadır ki, olmayan bir məsələni soyqırımı kimi qələmə verərək Türkiyənin üzərinə yeriyənlər, hər kəsin gözü qarşısında tərədilən Xocalı soyqırımını görməzdən gəlirlər”.

Ekrem Arıkoğlu deyib ki, əgər Qərb bu cür addım atırsa, o zaman türk dünyası bu məsələdə birlik olmalıdır: “Digər türk dövlətləri də Türkiyənin bu istiqamətdə yürütdüyü siyasəti dəstəkləməli, Xocalı soyqırımının günahkarlarının beynəlxaq tribunal önünə çıxarılması üçün Azərbaycana dəstək verməlidirlər. Eyni zamanda bütün türk soyları, türk toplumları dünyanın hər yerində bu məsələni qabartmalıdırlar”.

“Nə olursa-olsun dəyişməz bir həqiqət var. Xocalı soyqırımı dünyanın ən qanlı, ən dəhşətli qətliamlarından biridir. Bu soyqırımı zamanı qətlə yetirilən günahsız insanların, o cümlədən körpələrin qanı yerdə qalmamalıdır. Bu soyqırımı törədənlərin məhkəmə önünə çıxarılması üçün bir anlıq belə dayanmamalı, birlikdə addım atmalıyıq. İkinci Qarabağ savaşı da bir daha təsdiq etdi ki, dünyanın ikili standartlarına, türk dünyasına haqsız davranışına qarşı birlik, həmrəylik və qətiyyətliliklə qalib gələ bilərik. Yəni biz türklər öz köbəyimizi özümüz kəsməliyik. Necə ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından 30 ilə qədər uzanan işğala məhz Azərbaycanın qətiyyəti və güclü ordusunun qəhrəmanlığı sayəsində son qoyuldu. Eləcə də Qərbin ikili standartlarına rəğmən, Xocalı soyqırımının günahkarlarının beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün özümüz addım atmalıyıq”, – deyə, E.Arıkoğlu sonda bildirib.

Mission News Theme by Compete Themes.