Son yeniləmə: 22 Fevral 2022 18:56
Bayraqdar.info – Azərbaycan Çinlə əlaqələrə böyük önəm verir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho ilə görüşündə deyib.
Nazir Azərbaycanın Çinlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Bu barədə bayraqdar.info-ya fevralın 22-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.
BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması məsələləri müzakirə olunub.