Son yeniləmə: 22 Fevral 2022 10:01
Dərdlərinizi, qorxulu yuxularınızı suya danışın, su aparsın
Qamən axan görglü suyun qurumasın! “Kitabi Dədə Qorqud” dastanından
Bəhmən Faziloğlu – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
Bayraqdar.info – Su çərşənbəsi haqqında danışmazdan öncə diqqətinizi bir neçə məsələyə çəkmək istəyirəm. Birincisi odur ki, niyə biz “çərşənbə” desək də əslində bu bala çilləni və ya mərasimi çərşənbə axşamı qeyd edirik?
Bir neçə yanaşma vardır və heç biri sonadək dəqiqləşməyib; suallar yaradır. Biri budur ki, çərşənbə ağır gün olduğuna görə, bu çərşənbələr elə çərşənbə axşamı keçirilir. Digər bir yanaşmaya görə, burada miladi, hicri və s. təqvimlərin kəsişməsi vardır.
Belə bir izah daha etibarlı görünür: Kiçik Çillə qurtarıb Boz Ay başlayandan Novruz bayramınadək hər yeddi gündən bir havada dəyişikliklər (yəni sırf astronomik proseslər) özünü daha çox göstərir. Hər çərşənbə arasında Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. İlk Bala Çillədən hər çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik.
Anadoluda da təxminən bizim doğruçu çərşənbələrimizə oxşayan “Cəmrə düşməsi” mərasimi var. Cəmrə (od həlqəsi, isti, isinmə, buxar) yeddi gündən bir havaya, suya, torpağa düşür. Ədəbiyyatda “Novruznamələr” kimi “Cəmrəviyyələr” də məşhurdur. Xalq təqviminə görə, miladi təqvimlə 15 fevraldan qış hökmünü itirməyə başlayır. Bu tarixdən 5-6 gün sonra, yəni 21-22 fevralda – Boz ay başlayanda ilk cəmrə düşür.
Diqqətinizə çatdırmaq istədiyim ikinci mühüm məsələ Azərbaycan xalqının suya aid əfsanəsi ilə bağlıdır. Həmin əfsanədə deyilir ki, hər yer qaranlıq içində olanda Tanrı dünyanı sudan yaradıb. Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xan suya yalvarır: “Qara başım qurban olsun, suyum, sana!”, “Su Tanrını görüb” deyir… Bəlkə də su çərşənbəsinin “Əzəl çərşənbə” adlanması bu inancla bağlıdır. Dünyanın sudan yaranması ilə bağlı bir çox xalqların əfsanəsi vardır.
İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Su çərşənbəsi Boz ayda keçirilən 4 doğruçu çərşənbədən ilkidir. Xalq arasında o “birinci çərşənbə”, “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.
Su çərşənbəsində sular təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona vərənlər il boyu xəstəlikdən uzaq olarlar.
Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifologiyasında xüsusi yer tutur.
Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar.
Su ilə bağlı sınamalar:
İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Çərşənbədə evə süpürgə çəkmək olmazdı.
Su ilə bağlı inanclar:
Süfrəyə su dağılması aydınlıqdır.
Su içən adamı qəfil vurmazlar.
Su içən adamı danışdırmazlar.
Lal axan sudan keçməzlər.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxan adamın arxasınca su atarlar.
Odu su ilə söndürmək günahdır.
Su ilə bağlı atalar sözləri:
Suyun lal axanı, adamın yerə baxanı.
Su bir yerdə qalanda iylənər.
Su gələn arxa bir də gələr.
Su səhəngi suda sınar.
Su murdarlıq götürməz.
Su ilə bağlı türkəçarələr:
Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar.
Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər.
Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.
Su ilə bağlı tapmacalar:
Ay gedər, ha il gedər,
Gecə gündüz yol gedər.
Çərşənbəniz mübarək! Dərdləriniz sularda axsın, getsin!
Dua edirəm ki, tezliklə işğaldan azad etdiyimiz torpaqlarımıza qayıdaq, əkək-becərək, əkin yerlərimizi suvaraq, yurdlarımızı canlandıraq, möhkəmləndirək, gücləndirək! Çaylarımız axsın, bulaqlarımız çağlasın!