Press "Enter" to skip to content

Xızıda suvarma kanalları qapalı boru kanalla əvəz edilib

Son yeniləmə: 21 Fevral 2022 14:42

Bayraqdar.info – Xızı rayon Suvarma Sistemləri idarəsi yaz suvarma mövsümünə hazırlaşır.

Bu barədə bayraqdar.info-ya fevralın 21-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Qeyd edilib ki, bu məqsədlə plan qrafikə uyğun olaraq rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir. D.Şərifov deyib ki, son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib: “Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Ölkə başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində bu gün rayonda suvarılan sahələr 12959 hektar təşkil edir”.

Vurğulanıb ki, həm əvvəllər mövcud olan həm də əkin dövriyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədi ilə 327 km uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 km-i açıq, 225 km-i isə qapalı tiplidir. Kanallar üzərində 1899 ədəd hidrotexniki qurğu quraşdırılıb.

O da qeyd edilib ki, Xızı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda təsərrüfat sahiblərinin vaxtında və itkisiz suvarma suyu ilə təmin edilməsi məqsədi ilə ötən il torpaq məcralı 4300 metr uzunluğunda kanal qapalı boru kanalla əvəz edilib: “Görülən tədbirlərin nəticəsidir ki, hazırda fermerlər rahatlıqla sahələrini suvardıqlarını bildirirlər. Bu isə onların bol məhsul əldə etməsinə imkan yaradır. Cari ildə Xızı rayonunda 6516 hektar sahədə əkin işləri aparılıb. Bu ərazilərin suvarılması məqdəsi ilə sahələrə 12 ədəd valler tipli müasir yağış yağdıran aqreqatlar quraşdırılıb”.

Mission News Theme by Compete Themes.