Press "Enter" to skip to content

Fars-molla rejimi türk dilini küncə sıxışdırıb

Təbriz şəhəri

Son yeniləmə: 21 Fevral 2022 10:40

Bayraqdar.info – Güney Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platforması 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı Bildiriş yayımlayıb.

Platformadan bayraqdar.info-ya daxil olan Bildirişdə Güney Azərbaycan və bütövlükdə İranda türk dilinin sıxışdırılmasına diqqət çəkilir: “Əziz Azərbaycan türk milləti və azad dünya ictimaiyyatı,

“21 Fevral – Beynəlxalq Ana Dili Günü, başqa bir çox sömürgə altında yaşayan millətlər kimi, Güney Azərbaycan və İran Türklərinə də sömürgə və ayrıseçkiliyi xatırlatmaqdadır. Çünki ana dildə təhsildən məhrum olmaq bütün ayrıseçkilik və məhrumiyyətlərin ana qaynağıdır və məhz ona görə də İranda yaşayan qeyri-fars millətlər üçün bu gün sömürgə altında yaşamağın simvoludur.

“Çox millətli yapıya sahib olan İran ölkəsinə hakim olan faşist və sömürgəçi zehniyyət, torpaq bütünlüyü və sözdə milli birliyi bəhanə edərək ölkə xalqlarının birinin dili olan fars dilini digər xalqlara təhmil etmiş və bununla da geniş miqyaslı və hərtərəfli bir sömürgəçilik sisteminin təməlini qoymuşdur. Halbuki modern dünyada artıq hamı bilir ki, bu tərz yanaşmalar sadəcə anti-demokratik və sömürgəçi rejimlərin uydurduğu bəhanələrdir. Bu bir faktdır ki, millətlərin demokratik və insani haqlarının təmin edilməməsi gerçəkdə nəinki bir ölkənin milli birliyi və ərazi bütünlüyünü təmin etməz, tam tərsinə, onlara təhlükə yaradar.

“Şübhəsiz ki, bu gün İranda fars bölgələri ilə qeyri-fars bölgələri arasında yaranan inkişaf və rifah uçurumu və onun nəticəsində ortaya çıxan toplumsal və siyasi ayrışmanın təməlində ana dili yasağı məsələsi var. Çünki elmi faktlara görə, qeyri-fars bölgələrdə ana dildə deyil, şagirdlərin tanış olmadığı məcburi bir dildə eyitim verilməsi bu bölgələrdə təhsil göstərgələrinin pisləşməsinə və təhsildə ümumi geri qalmaya səbəb olmaqdadır. Fars bölgələr ilə qeyri-fars bölgələr arasında təhsil göstərgələri uçurumu sadə bir araşdırma ilə görülə bilməkdədir. Təbii olaraq təhsildəki bu ümumi geri qalma; ali təhsil, iş fürsətləri əldə etmək, bölgənin ümumi rifah və inkişafı və bir sözlə, bütün yaşam sahələrinə mənfi təsir etməkdədir. Nəticə isə bu gün İranda ortaya çıxan böhranlı vəziyyətdir.

“Bu nədənlə təkid edirik ki, ana dili məsələsinə sadəcə bir dil məsələsi deyil, bir çox təhsil, iş piyasası, iqtisadi, toplumsal və siyasi böhranların təməli və kökü kimi baxmaq lazımdır.

“Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması olaraq İran adlanan ölkədə bir əsrdən bəri davam edən bu haqsızlığa son verilməsini və İranda yaşayan bütün millətlərin ən təbii haqqı olan ana dildə təhsil haqqının təmin edilməsini tələb edirik. İnanırıq ki İranda ayrıseçkilik, sömürgəçilik və faşizmə son qoyulmasının ən təməl gərəyi budur.

“Bu vəsilə ilə də ana dildə təhsil almaq haqqını müdafiə etdikləri üçün haqsız və qanunsuz həbs cəzasına məhkum olan məhbuslarımızı sayğı ilə anıb bir an öncə özgür buraxılmalarını istəyirik”.

Bildirişi Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması adına Azərbaycan Öyrənci Hərəkatı, Dirəniş və Güney Azərbaycan Demokrat Partiyası bəyan edib.

Mission News Theme by Compete Themes.