Son yeniləmə: 21 Fevral 2022 19:20
Hesabı sorulmayan hər bir irqçi hücum yeni terror aktlarını da özü ilə gətirir
Bayraqdar.info – “Hesabı sorulmayan hər bir irqçi hücum yeni terror aktlarını da özü ilə gətirir”.
Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanı Fahrettin Altun deyib.
Türkiyənin Azərbaycandakı səfirliyindən bayraqdar.info-ya fevralın 21-də verilən məlumata görə, F.Altun bunu “Hanau qurbanları üçün ədalət axtarışı: Almaniyada radikal sağçı terror təhlükəsi” adlı panelə göndərdiyi video mesajda deyib.
Məlumatda qeyd edilir ki, panel Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı tərəfindən təşkil edilib. F.Altun 19 fevral 2020-ci ildə Almaniyanın Hanau şəhərində irqçi terror aktı həyata keçirildiyini xatırladaraq, hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün panel təşkil etdiklərini söyləyib. O, başda Hanau hadisəsi olmaqla Almaniyada və dünyanın müxtəlif bölgələrində meydana gələn terror hücumlarının qurbanlarının xatirəsini ehtiramla yad edib, yaxınlarına səbr diləyib. F.Altun “Biz heç vaxt terrora boyun əyməyəcəyik” deyib. ifadəsini işlədib.
Diaqnoz olmadan müalicə mümkün deyil
Panelin Almaniyanı pisləmək və ya ona hücum etmək məqsədilə keçirilmədiyini vurğulayan Türkiyə rəsmisi sözlərinə belə davam edib: “Burada bütün almanların irqçi olduğuna dair hər hansı bir iddia irəli sürülmür. Məqsədimiz bir problemin aradan qaldırılmasının ilkin şərtinin onun varlığını qəbul etmək olduğuna inanaraq, Almaniya cəmiyyətinin bu gün üzləşdiyi çox ciddi bir problemə diqqəti cəlb etməkdir. Ona görə də xüsusilə vurğulamaq istərdim ki, burada konstruktiv və həll yönümlü yanaşma nümayiş etdiririk. Bütün məsələmiz ondan ibarətdir ki, milyonlarla türk onilliklər boyu yaşadıqları Almaniyada özlərini “potensial qurban” deyil, “bərabər fərdlər” kimi hiss etsinlər və qorxusuz, təhlükəsiz həyat sürə bilsinlər. Çünki dünyanın harasında olur-olsun hər bir vətəndaşımızın problemi Türkiyə dövlətinin problemidir. Problemi aradan qaldırmaq üçün problemin varlığını qəbul etmək lazımdır. Diaqnoz olmadan müalicə mümkün deyil”.
Bu gün Almaniyada irqçilik probleminin siyasətçilər, dövlət məmurları, jurnalistlər tərəfindən inkar edildiyini bildirən F.Altun alman siyasətçilərin irqçi terror aktlarını pisləməklə yanaşı, mühacirlər üçün olduqca proqnozlaşdırıla bilən bu hücumlardan sonra davamlı olaraq “çaşqınlıqlarını” ifadə etdiklərini vurğulayıb.
İfrat sağçı terrorizmlə mübarizədə dövlət qurumları yetərsiz qalır
“Bu çaşqınlıq ifadəsini ifrat sağçıların güc qazanması ilə yanaşı, irqçilik qatarına minən bəzi siyasətçilər üçün müdafiə mexanizmi kimi görə bilərik. Media da eynilə terror aktları haqqında məlumat verərkən, ağdərili təcavüzkarları “dəli” kimi qələmə verir, ağdərili olmayanları isə “terrorçu” kimi təqdim edir.Almaniyaya xas olmayan bu meyl cəmiyyətin irqçilik günahından təmizlənməsinə və bütün günahın bir ovuc ruhi xəstə avaraların üzərinə atılmasına xidmət edir. Üstəlik medianın qanlı terror aktları xaric, irqçi hücumları gündəmə gətirməməsi də diqqət çəkir. Son olaraq vurğulamaq lazımdır ki, ifrat sağçı terrorizmlə mübarizədə dövlət qurumları yetərsiz qalır və irqçi hücumlara gəlincə ədalət təmin olunmur. Həqiqətən də “Almaniyada irqçilərin qorunduğu” fikirlərini gücləndirən hadisələr, Hanau kimi faciələrə yol açmışdır. Hesabı sorulmayan,sonuna qədər araşdırılmayan hər bir irqçi hücum yeni terror aktlarını da özü ilə gətirir”, – F.Altun deyib.
İrqçilik və ayrı-seçkiliyin ifadə azadlığı adı altında qanuniləşdirilməsinin və normallaşdırılmasının bu gün yaşanan ən ciddi problemlərdən biri olduğunu söyləyən F.Altun xüsusilə mühacirlərlə bağlı siyasi müzakirələrdə və mediada tez-tez istifadə edilən nifrət nitqinin əksər hallarda diqqətdən kənarda qaldığını bildirib.
Bütün bunlar təcridetmə və ayrı-seçkilik siyasətinin tərkib hissəsidir
F.Altun bu gün gəlinən nöqtədə Almaniyanın müsəlmanların sistematik olaraq kriminallaşdırıldığı və İslamın daxili təhlükəsizliyə təhdid kimi qiymətləndirildiyi bir yer olduğuna diqqət çəkib:“Başda türklər olmaqla, azlıqlara qarşı irqçi hisslər bəzən yumorla ictimai arenada ifadə olunur. Açıqca qeyd etmək istərdim ki, Almaniya da başqa olmaqla, Avropa ölkələrində dövlət başçımızın simasında ölkəmizə qarşı həyata keçirilən hücumlar və təhqirlər bu üstü örtülü irqçiliyinbir ifadəsidir. Bu hücumlar və təhqirlər Almaniyada nümunəvi bir azlıq kimi yaşayan, alman cəmiyyətinə böyük töhfələr verən türklərə qarşı Türkiyə dövləti və onun lideri üzərindən hesablaşma cəhdinin əksi kimi görünür. Keçmişdə millətimizin ibadətinə, hicabına, adət-ənənəsinə müdaxilə edərək zülmə məruz qoyanlar bu əməlləri və çıxışları alqışlasa da, əslində bütün bunlar kriminallaşdırma, təcridetmə və ayrı-seçkilik siyasətinin tərkib hissəsidir”.
F.Altun Türkiyənin terror təşkilatlarına qarşı mübarizədə tək qalmasını və bu terror təşkilatlarının Avropada pul toplayaraq kadr yığmasına hələ də anlamadıqları şəkildə icazə verilməsini eyni ikili standartın təzahürü kimi gördüklərinə diqqət çəkib.
İrqçiliyin qanuniləşdirilməsinə əsla icazə verməyəcəyik
F.Altun “Avropa İttifaqının terror siyahısında olan PKK-nı təmizə çıxartma cəhdinin, 15 iyulda küçələri qan gölünə çevirən FETÖ xəyanət şəbəkəsinin, terror təşkilatının bir ovuc müxalif kimi təqdim edilməsinin başqa izahı yoxdur.
İrqçiliyin normallaşdırılmasına, türk cəmiyyətinin köklərindən qoparılmasına, Almaniyada yaşayan türk vətəndaşlarının Türkiyə ilə əlaqələri bəhanə edilərək irqçiliyin qanuniləşdirilməsinə əsla icazə verməyəcəyik.
İrqçiliyin və ifrat sağ meylliliyin yaratdığı təhlükə ilə səmimi mübarizə aparan bütün şəxs və qurumların ən böyük dəstəkçisi olmağa davam edəcəyik. Bu kontekstdə Almaniyanın yeni hökuməti, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə sıx əməkdaşlığımızı davam etdirməkdə qətiyyətliyik. Biz heç bir vətəndaşımızın əzilməsinə, zülmə və təhdidlərə məruz qalmasına imkan verməyəcəyik. İrqçiliyinifadə azadlığı kimi anlayışların arxasında gizlənməsinə, normallaşdırılmasına və ya yayılmasına imkan verməyəcəyik”, – deyib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi ilə bir tərəfdən regional və beynəlxalq arenada sabitləşdirici güc kimi fəaliyyət göstərən Türkiyəni dünyada layiq olduğu mövqeyə çatdırmaq üçün çalışacaqlarını, digər tərəfdən isə başda ədalət olmaqla bütün dəyərlərə sadiq qalacaqlarını, bunları həyata keçirərkən “kim nə deyər?” deyə düşünməyərək yalnız millətə xidmət etməyi şüar kimi qəbul edəcəklərini bildirib.
Almaniyadakı ifrat sağ terror təhlükəsinə qarşı səmimi və qətiyyətli mübarizə aparan siyasətçilərə, dövlət rəsmilərinə, ictimai xadimlərə, sənətçilərə və mətbuat nümayəndələrinə təşəkkür edən F.Altun Türkiyə Cümhuriyyətinin irqçilik problemini aradan qaldırmaq istəyən bu kəsimlərin ən böyük dəstəkçisi və təbii tərəfdaşı olduğunu sözlərinə əlavə edib.
Paneldə tanınmış jurnalsit Klaus Jürgens, akademik Muhterem Dilbirliği, vəkil Fatih Zingal, TRT Deutsch genel yayın yönətməni Kaan Elbir məruzələrlə çıxış ediblər. Məruzələrdə Almaniydakı mövcud durum geniş şəkildə təhlil edilib. Həmçinin bu proseslərdə ictimaiyyətin, müstəqil hüquqşünasların, o cümlədən alman mətbuatınını sərgilədiyi mövqeyə nəzər salınıb.
“Hanau Kurbanları için Adalet Arayışı: Almanya’da Aşırı Sağcı Terör Tehdidi” Paneli Açılış Konuşması pic.twitter.com/dMcWtSlucd
— Fahrettin Altun (@fahrettinaltun) February 21, 2022