Son yeniləmə: 21 Fevral 2022 10:02
Bayraqdar.info – Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidəki M.F.Axunzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə nazirə ətraflı məlumat verib. Bildirilib ki, Muzey Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayır.
“Nazir Muzeyin otaqlarını gəzib, burada fəaliyyət göstərən musiqi, xalçaçılıq və ingilis dili kurslarının müəllim və şagirdləri ilə görüşüb.
“Nazirə məlumat verilib ki, son illər onlarla məktəbli, yeniyetmə və gənc muzeydə fəaliyyət göstərən kurslarda Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi barədə ətraflı məlumat alıb, xalçaçılıq və digər xalq sənətinin sirlərini öyrəniblər.
“Emin Əmrullayev muzeyin fəaliyyətini yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb və Muzeyin xatirə kitabına ürək sözlərini yazıb”. Məlumatda belə qeyd edilib.