Press "Enter" to skip to content

Çoxşaxəli islahatlar Azərbaycanın qarşısında yeni perspektivlər açır

Vüqar İskəndərov

Son yeniləmə: 21 Fevral 2022 10:16

Deputat Vüqar İskəndərov: Mehriban xanım Əliyeva bundan öncəki vəzifələrdə olduğu kimi, ötən beş il ərzində Birinci vitse-prezident postunda da səmərəli fəaliyyəti ilə fərqlənib

Bayraqdar.info – “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, göstərilən diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionları inkişaf edib, regionlarda genis miqyaslı abadlıq-quruculuq işləri aparılıb. Həmçinin, yeni təsərrüfat sahələri və iş yerləri açılıb, insanların sosial rifah halının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atılıb”.

Bunu bayraqdar.info-ya müsahibəsində sonuncu parlament seçkilərində 113 saylı Şəki şəhər Seçki Dairəsindən deputat seçilən, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, həmçinin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib. Müxtəlif sahələrlə bağlı sualların cavablandırıldığı müsahibəni oxucularımıza təqdim edirik.

– Belə bir deyim var. “Bu yolda saç ağartmışam”. Bu deyimi bir mənada sizə də aid etmək olar. Çünki uzun illər Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində ön sıralarda olmusunuz. Ümumiyyətlə, gənclər siyasəti ilə bağlı nə deyə bilərisniz?

– Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və xarici ölkələr üçün nümunə təşkil edən dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə dövlət, şəxsən möhtərəm Prezidentimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin həlli üçün mühüm addımlar atılır, müvafiq dövlət proqramları reallaşdırılır. Ölkəmizdə gənclər siyasətinin reallaşmasında məsul qurum olan Gənclər və İdman Nazirliyi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Eyni zamanda, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihələrini maliyyələşdirməklə onların fəaliyyətinə dəstək verir. Bütün bunlarla yanaşı fəal, dövlətçiliyə sadiq, öz fəaliyyət sahələrində fərqlənən gənclər zaman-zaman müxtəlif vəzifələrə irəli çəkilir. Hər zaman gənclərə geniş imkanlar yaradan Yeni Azərbaycan Partiyası parlament və bələdiyyə seçkilərində bu cür gənclərin namizədliyini irəli sürür. Son parlament seçkilərində də partiyamızın namizədləri arasında fəal gənclər vardı və onlar hazırda Milli Məclisdə təmsil olunurlar. Azərbaycan gəncliyi həm də milli vətənpərvərliyi, torpağa, vətənə bağlılığı ilə fərqlənir. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha bunun şahidi olduq.

Bu suala ən doğru cavabı seçicilərim verə bilər

– Hakim partiyanın son parlament seçkilərində irəli sürdüyü namizədlərdən biri də sizsiniz. Millət vəkili kimi üzərinizə düşən məsuliyyətin öhdəsindən gələ bilirsinizmi?

– Əlbəttə ki, bu suala ən doğru cavabı seçicilərim verə bilər. Mən sadəcə gördüyüm işləri sadalamaq istərdim. Əvvəla onu deyim ki, hər bir seçicinin birbaşa özümlə əlaqə saxlamaq imkanı var. Millət vəkili kimi fəaliyyət göstərdiyim ötən müddət ərzində seçicilərimlə daim maraqlanmışam. Eyni zamanda, hər hansı məsələyə dair elektron poçtuma daxil olan müraciətlərlə bağlı müvafiq addımlar atmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir. Müraciətlərin hamısına diqqətlə yanaşıram, imkan daxilində kömək göstərirəm, həlli bizdən asılı olmayan məsələlər barəsində də aidiyyəti orqanlara müraciət edirik. Sağ olsun Şəki şəhərinin rəhbərliyi, bu və digər seçici problemi ilə bağlı müracətlərimizə dərhal reaksiya verilir və məsələlərin həllinə yardım göstərilir. Konkret olaraq 2021-ci ilin statistikasına gəlincə, deyim ki, il ərzində 12 dəfə vətəndaş qəbulu, 2 səyyar və 5 onlayn qəbul keçirmişəm. Ümumilikdə qəbullarda 100-dən çox vətəndaşın müraciəti dinlənilib. Bununla yanaşı mənim təşəbbüsümlə Qurban bayramında 200 aztəminatlı ailəyə Qurban payı göndərilib. O cümlədən 347 nəfərə ərzaq yardımı, 28 nəfərə maddi yardım göstərilib. Yenə də mənim təşəbbüsümlə rayondan olan 4 şəhid ailəsi üçün övladlarının yüksək səviyyədə təhsil alması məqsədi ilə iş adamları ilə birlikdə aylıq təqaüd ayrılıb. Bu proses hələ də davam edir. Bundan başqa, Milli Məclisin plenar iclasında iki dəfə Şəki şəhərinin sakinlərinin problemlərini ən yüksək səviyyədə gündəmə gətirmişəm. Bunlardan biri Şəkinin mərkəzi hissəsində Qurcana çayının bəndinin dağılması və təmir edilməməsi ilə bağlı idi. Digər təklif isə Şəkinin yollarının asfaltlanması ilə bağlı idi. Eyni zamanda, özüm, yaxud da köməkçim şəhidlərin il dönümlərində, bulaq açılışlarında iştirak etmişik. Şəkidə 125-ci kvartalın qazlaşdırılması üçün müvafiq qurumlarla, orta məktəblərin təmiri ilə bağlı isə nazir Emin Əmrullayevlə danışıqlar aparmışam. Qoxmuq və Baltalı kəndlərində seçicilərlə görüşlərdən sonra Qoxmuq sakinlərinin su sistemi ilə bağlı müraciətini müvafiq qurumlar qarşısında qaldırmışam. Artıq nəticə var. Belə ki, bu kənddə sayğaclaşma prosesi aparılıb və sakinlər sayğaclarla təmin edilib.

İslahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır

– Millət vəkili kimi fəaliyyətinizdən danışarkən onu da qeyd etməliyik ki, siz məhz islahat dalğasında parlamentə seçilən depuatatlardansınız. Elə isə islahatlar barədə fikrinizi bilmək də maraqlı olardı…

– Öncə onu deyim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət kursu bütün dünyada ölkəmizin nüfuzunun durmadan artmasını təmin edib. Bu gün Azərbaycanda demokratik mühit, ifadə azadlığı, sağlam vətəndaş cəmiyyətinin varlığı artıq heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir. Bütün bunların fonunda Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Ölkəmizin inkişaf modeli beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Heç şübhəsiz Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır ki, bu proses də 2018-ci ilin aprelindən sonra yeni mərhələyə qədəm qoyub. Yəni 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində növbəti dəfə xalqın etimadını qazanan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub ki, bu mərhələ də bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Çoxşaxəli islahatlar idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. Bu kontekstdə siyasi islahatlar kursunun əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Konkret olaraq təmsil olunduğum Milli Məclisə gəlincə, hesab edirəm ki, parlament səviyyəsində reallaşdırılan islahatlar milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Parlament səviyyəsində reallaşdırılan islahatlar ölkəmizdə milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Yəni ölkəmizdə reallaşdırılan islahatlar fonunda 2020-ci il fevral ayının 9-da keçirilmiş parlament seçkilərindən sonra qanunverici orqanın tərkibində yeniləşmə, gəncləşmə oldu, həmçinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclis sədrinin müavini vəzifəsinə, eyni zamanda, müxalifət nümayəndələri parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçildilər. Bu, əlbəttə ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış çox mühüm addımdır. Bundan başqa, dövlət başçısının göstərişinə əsasən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə başlanılması strateji əhəmiyyətə malikdir.

Ümumiyyətlə, danılmaz həqiqətdir ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı da müxtəlif təşəbbüslər vasitəsilə ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsinə yol açır. Yeri gəlmişkən, Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında dialoqun davam etdirilməsinin vacibliyini bir daha vurğulayıb.

Dialoqun davamlı olması üçün silsilə addımlar atılır

Heç şübhəsiz iqtidar bunu sadəcə bəyan etmir, həmçinin dialoqun davamlı olması üçün silsilə addımlar atır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Dövlət başçsının bəhs edilən istiqamətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün uğurla fəaliyyət göstərən şöbənin işi müxalifət partiyalar tərəfindən də təqdirlə qarşılanır.

Təbii ki, həm dövlətimizin beynəxalq imicinin möhkəmlənməsi, həm də ölkədə milli həmrəyliyin yaradılması istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da rolunu xüsusi qeyd etməliyik. Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi respublikamızla yanaşı bir çox ölkədə həyata keçirdiyi sosial, mədəni layihələr Azərbaycanın sivil, sülhpərvər dövlət kimi tanınmasına, ermənilərin beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında yaratdıqları rəyin tamamilə alt-üst olmasına gətirib çıxaran amillərdən biri oldu.

Mehriban Əliyeva ölkə daxilində də milli həmrəyliyin bərpa olunması üçün ciddi səylər göstərir. Onun təşəbbüsü ilə müxtəlif illərdə qəbul olunan beş amnistiya aktı nəticəsində on minlərlə insan, o cümlədən radikal müxalifət düşərgəsinin təmsilçiləri həbsdən azad edilib.

Ölkə daxilində Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın təşəbbüsü və birbaşa rəhbərliyi ilə reallaşdırılan sosial layihələr, şəhid ailələrinə, qazilərə, valideyn himayəsindən məhrum olan uşaqlara, eləcə də Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqət həm də vətəndaş həmrəyliyinin yaranmasına xidmət edir.

Bu, müstəqil Azərbaycanın həyatının yeni reallığına çevrilib

– Yeri gəlmişkən, fevralın 21-i Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasının beşinci ildönümüdür. Ötən beş ilə nəzər salanda həm Birinci vitse-prezidentlik institutu, həm də Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti haqqında nələri deyə bilərsiniz?

– Əvvəla deyim ki, Birinci vitse-prezidentlik institutu artıq müstəqil Azərbaycanın həyatının yeni reallığına çevrilib. Yuxarıda vurğuladığım kimi, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. Məhz bu kontekstdə ölkəmizin yeni reallıqlarına və dünyanın qabaqcıl dövlətlərinin müsbət təcrübəsinə uyğun olaraq aparılan Konstitusiya islahatları çərçivəsində Birinci vitse-prezidentlik institutu yaradılıb. 5 il öncə, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Ötən müddət ərzində görülən işlər və nəticələr bu təyinatın nə qədər doğru olduğunu təsdiqləyib. Mən çəkinmədən deyərdim ki, məhz Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində Birinci vitse-prezidentlik institutu Azərbaycanda dövlət idarəçiliyinin funksionallığını daha da artırıb. Əslində başqa cür də ola bilməzdi. O baxımdan ki, Mehriban Əliyeva bu təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi.

Beləliklə, Mehriban Əliyeva bundan öncəki vəzifələrdə olduğu kimi, ötən beş il ərzində Birinci vitse-prezident postunda da səmərəli fəaliyyəti ilə fərqlənib. Mehriban xanım Əliyevanın fəaliyyəti, onun tərəfindən irəli sürülən təşəbbüslər və reallaşdırılan layihələrin nəticələri həm Azərbaycanda, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir.

Ötən müddət ərzində Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. Azərbaycanın Birinci vitse-prezidenti daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bundan başqa, Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi, həmçinin 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandanla çiyin-çiyinə dayanması, mühairbədən sonra şəhid ailələri və qazilərə xüsusi diqqət göstərməsi də nəzərdən qaçmamalıdır. Təbii ki, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil. Amma bütün bunlar Mehriban Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir.

Azərbaycanda parlament demokratiyasının inkişafı üçün hər bir şərait yaradılıb

– Bəs, ölkəmizdə parlament demokratiyasının inkişafı barədə nələri deyə bilərisniz?

– Ölkəmizdə parlament demokratiyasının inkişafı, siyasi mübarizənin küçələrdən parlament divarları arasına keçirilməsi üçün də hər bir şərait yaradılıb. Parlamentin sədri vəzifəsinə müasir dünyagörüşünə malik, humanist şəxs kimi tanınan Sahibə xanım Qafarovanın seçilməsi, vitse-spikerlərdən birinin müxalifət təmsilçisi olması, Milli Məclisdə hansı düşərgəni təmsil etməsindən asılı olmayaraq hər deputata öz fikrini sərbəst ifadə etmək üçün şəraitin yaradılması bunun bariz sübutudur. Biz millət vəkilləri də yaradılmış bu şəraitdən səmərəli şəkildə istifadə edərək xalqımızın və dövlətimizin maraqlarına xidmət edən fəaliyyət sərgiləməliyik. Bu kontekstdə onu da qeyd etməyi özümə borc bilirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər yeni reallıqlar yaradıb. Bu reallıqlar biz deputatların üzərinə də müəyyən məsuliyyət qoyur. Çalışmalıyıq ki, həmin məsuliyyətin öhdəsindən layiqincə gələk.

Mission News Theme by Compete Themes.