Press "Enter" to skip to content

Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər müzakirə edilib

İlham Əliyev və Toivo Klaar

Bayraqdar.info – Prezident İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Prezident İ.Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırladıb. İ.Əliyev Prezident Ş.Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulayıb.

T.Klaar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan- Avropa İttifaqı əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər etdiyini xatırladan xüsusi nümayəndə səfər çərçivəsində çox səmərəli müzakirələrin aparıldığını deyib. T.Klaar da Prezident Ş.Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verdiyini bildirib. O, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu deyib.

“Dövlət başçısı İ.Əliyev Aİ-nin iki komissarının Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirakının müsbət qiymətləndirdiyini və bunun Aİ-nin Azərbaycan ilə münasibətlərə verdiyi önəmin ifadəsi olduğunu bildirib. Dövlət başçısı İ.Əliyev Azərbaycan-Aİ əlaqələrinin şaxələndirilmiş xarakter aldığını və bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Prezident İ.Əliyev Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyan etdiyi kimi Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttini ayrılmasının da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunu bildirib.

“Ölkə rəhbəri ötən ilin dekabrında Prezident Ş.Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İ.Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd edib, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu deyib. Dövlət başçısı Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb. Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İ.Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırıb.

“Görüşdə, həmçinin Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.