Son yeniləmə: 21 Fevral 2022 14:15
Məcid Cavadi: Fars-molla rejimi dilimizi əlimizdın almaqla şanlı keçmişimizlə gələcəyimiz arasında əlaqəmizi kəsmək istəyir
Bayraqdar.info – “21 fevral Beynəlxalq Ana Dili Günüdür. Hər il bu gün münasibətilə bir çox ölkələrdə tədbirlər keçirilir. Lakin təəssüflər olsun ki, dünyanın müxtəlif yerlərində ana dili türkcə olan bəzi xalqlar nəinki bu gün münasibətilə hər hansı tədbir keçirə, hətta onlar öz doğma dillərində təhsil ala bilmirlər. Bu sırada Güney Azərbaycan türkləri də var”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Onun sözlərinə görə, Güney Azərbaycan türklərinin öz ana dilində təhsil almaq hüququndan məhrum edilməsi onlara qarşı tətbiq edilən müstəmləkəçiliyin ən yüksək dərəcələrindən biridir: “Düzdür, İranın hakim idarəçiləri olan farslar bu addımlarını “bir ölkənin bir rəsmi dili olar” kimi bəhanələrlə əsaslandırmağa çalışırlar. Amma onların bu məntiqinin keçərsiz olduğu dünyada hər kəsə bəllidir. Çünki dünyada onlarla ölkələr var ki, orada etnik xalqların öz dilində təhsil almaq hüququ tanınır və bu, dövlətin bütövlüyünə heç bir xələl gətirmir. Əksinə, etnik xalqlara qarşı ayrı-seçkiliyin tətbiqi, onların öz ana dillərində təhsil almaq hüququndan məhrum edilməsi bunu tətbiq edən ölkələrin daxilində vətəndaş həmrəyliyinin, sabitliyin pozulmasına səbəb olur. Vətəndaşlara qarşı tətbiq edilən ayrıseçkilik həmin vətəndaşların dövlətə bağlılığını getdikcə zəiflədir. Nəticədə ölkənin ərazi bütövlüyü də təhlükə altına düşür”.
Qeyd edilib ki, İranda Güney Azərbaycan türklərinin nəinki öz ana dilində təhsil almasına, hətta bir-biriləri arasında öz doğma dillərində danışmasına da əngəllər törədilir: “Əslində, İranın mövcud rejimini bir baxımdan başa düşmək olar. Bəlli olduğu kimi, millətlərin və toplumların varlığının əsas amili onların öz ana dilinə sahib olmasıdır. Yəni İranın mövcud fars rejimi yaxşı bilir ki, bir xalqı yox etmək üçün o xalqın dilini əlindən almaq lazımdır. Buna görə də Güney Azərbaycan türklərinə qarşı dil basqısı hər keçən gün daha da amansızlıqla, qəddarlıqla aparılır. Yəni bu gün Güney Azərbaycanda türk dilinə qarşı hücumlarla bizi öz keçmişimizdən, öz şanlı tariximizdən, öz zəngin mədəniyyətimizdən, öz kimliyimizdən ayrı salmağa çalışırlar. Fars-molla rejimi dilimizi əlimizdən almaqla şanlı keçmişimzlə gələcəyimiz arasında əlaqəmizi kəsmək istəyir”.
M.Cavadinin sözlərinə görə, məsələnin ikinci və ən strateji tərəfi də təhsillə bağlıdır: “Bəlli olduğu kimi, istənilən toplumun, xalqın, cəmiyyətin öz gələcəyini daha etibarlı şəkildə qurması üşün elmli, təhsilli nəslə ehtiyacı var. Təhsilsiz toplumun gələcəyi də yoxdur. Araşdırmalar nəticəsində bəlli olub ki, ən keyfiyyətli təhsil məhz ana dilində olur. Yəni orta məktəbdən başlayaraq öz ana dilində təhsil alanlar biliyi daha dərindən qavraya bilirlər. Bu zaman uşaqların bütün elmi və fitri istedadları da inkişaf edir. Beləliklə biz görürük ki, fars-molla rejimi Güney Azərbaycan türklərinin öz ana dillərində təhsilinin qarşısını almaqla həm də onların gələcəyini sual altına qoymuş olur. Bu cür anti-dil siyasəti İrandakı digər etnik xalqlara da tətbiq edilir. Bu gün fars vətəndaşı öz ana dilində təhsil alır, amma digər xalqlar ilk dərs saatlarından başlayaraq fars dilini öyrənmək məcburiyyətində qalır. Nəticədə də onlar normal, keyfiyyətli təhsil almaqdansa, dil problemi ilə üzləşir. Bir neçə il vaxt itirirlər. Bu zorla fars dilinin öyrənilməsi bir çox uşaqda hətta elmə, təhsilə qarşı bir inciklik yaradır. Onlar elmdən, təhsildən uzaq düşürlər. Digər tərəfdən onlar öz ədəbiyyatlarından da uzaq düşürlər. Yəni uşaqlar dil qabiliyyəti tələb etməyən sahələrə meyllənirlər. Nəticədə də xalq öz ədəbiyyatından, tarixindən, mədəniyyətindən uzaq düşür. Özəlliklə təhsil və elmi bacarıqlarda ümumi geri qalmaq həmin toplumun iqtisadiyyat və rifah səviyyəsində də geri qalmasına səbəb olur. Ona görə də görürük ki, bu gün İranda fars bölgələri ilə fars olmayan bölgələr arasında bir inkişaf və rifah uçurumu var. Göründüyü kimi, bu, fars-molla rejimi tərəfindən məkrli şəkildə düşünülmüş, gələcəyə hesablanmış bir startegiyadır. Bir sözlə, ümumi qənaət budur ki, ana dili sadəcə təhsil məsələsi deyil, bir tarix, mədəniyyət üzərində var olmaq, yəni bir xalqın öz varlığını qorumaq, eləcə də bir xalqın iqtisadiyyat, inkişaf və rifahlı yaşam qura bilmək məsələsidir”.