Son yeniləmə: 21 Fevral 2022 16:19
Bayraqdar.info – FAO-nun təşkilatçılığı ilə Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkələrə dair məlumatların yığılması, analizi, proqnozlaşdırma və hesabatlığın təmin edilməsi mövzusu üzrə onlayn seminar keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, seminar “Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkələrə qarşı mübarizənin milli və regional səviyyədə yaxşılaşdırılması” proqramı çərçivəsində həyata keçirilib. Seminarda ümumi olaraq 10 ölkədən 61 nəfər, o cümlədən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak ediblər.
“Seminarda FAO-nun beynəlxalq məsləhətçisi, ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçininski, Coğrafi İnformasiya Sistemləri (GİS) üzrə ekspert Nadiya Muratova tərəfindən “Çəyirtkələrin monitorinqi və Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi” (ASDC) və “Qafqazda və Mərkəzi Asiyada Çəyirtkələrin İdarə edilməsi Sistemi”ndən (CCALM) istifadə etməklə çəyirtkələrlə bağlı vəziyyətin və yayılma arealının qiymətləndirilməsi üsulları, eləcə də çəyirtkələrlə bağlı proqnozların hazırlanmasının məsələlərinə dair ətraflı məlumatlar verilib. Həmçinin, “Çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması” və çəyirtkələrlə mübarizə kampaniyası dövründə yarana biləcək risklərin müəyyən edilməsi və qarşısının alınmasına yönəldilmiş tədbirlər barədə müzakirələr aparılıb.
“Qeyd edək ki, Azərbaycanda daha çox təhlükə törədən Mərakeş və İtaliya çəyirtkələri hesab olunur. Əsas məskunlaşma yerləri Ceyrançöl, Eldar düzü, Haramı duzu, Küdrü və Acınohur çölləri əraziləridir. Çəyirtkəkimilər polifaq zərərvericilər qrupuna daxildir və sürü əmələ gətirərək demək olar ki, bütün bitki növlərini məhv edirlər”, – deyə xəbərdə bildirilir.