Bayraqdar.info – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə başqan müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Xəbəri fevralın 19-da bayraqdar.info-ya müəllifin özü verib.
“Monoqrafiya Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə, milli həmrəylik (solidarizm) və azərbaycançılıq təlimlərinə həsr olunub. Öncə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri kontekstində sosial-demokratiya, milli demokratiya, liberalizm, islamçılıq, müsavatçılıq cərəyanları hərtərəfli şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri ilə birbaşa bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm) təlimi dünyəvilik və türk fəlsəfəsi kontekstində araşdırılmış, bu cərəyanla bağlı sosial-fəlsəfi fikirləri şərh olunmuşdur. Monoqrafiyada M.Ə.Rəsulzadənin azərbaycançılıq təliminin banisi kimi “Azərbaycan” milli ideyasının sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı şəkildə tədqiq edilmişdir. Eyni zamanda, M.Ə.Rəsulzadənin qafqazçılıq, türkçülük, ya da yeni turançılıq və türk federasiyası məsələlərinə dair baxışları da geniş şəkildə öz əksini tapmışdır”, – deyə xəbərdə bildirilir.
Monoqrafiya fəlsəfə, sosial fəlsəfə, sosiologiya, siyasətşünaslıq və başqa elm sahələrində çalışan mütəxəssislər – alimlər, tələbələr, magistrlər, doktorantlar, eyni zamanda geniş oxucu kəsimi üçün nəzərdə tutulub.
Xəbərdə daha sonra deyilir: “Qeyd edək ki, müəllif böyük azərbaycanlının, Azərbaycan türk bilgəsinin elmi-fəlsəfi, siyasi-ideoloji, sosial-fəlsəfi yaradıcılığı ilə bağlı 1999-cu ildə magistr işi (“XX əsrdə Azərbaycan xalqının fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin rolu”), 2005-ci ildə isə fəlsəfə üzrə fəlsəfə doktorluğu dissertasiya işi (“XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu”) yazaraq müdafiə edib. Eyni zamanda, F.Ələkbərlinin 2007-ci ildə “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” əsəri öncə Quzey Azərbaycanda, daha sonra 2014-cü ildə Türkiyədə nəşr olunub. Bütün bunlarla yanaşı, müəllif böyük filosof-mütəfəkkir, tanınmış dövlət xadimi M.Ə.Rəsulzadədən onlarla elmi və publisistik məqalə yazaraq bir çox konfrans və simpoziumlarda məruzələr edib”.