Press "Enter" to skip to content

Qarşı tərəf Nikol Paşinyandan hesab sormaqda israrlıdır

Abdullah Agar

Son yeniləmə: 18 Fevral 2022 16:38

Abdullah Ağar: Revanşistlər və “böyük Ermənistan” xəyalı quran qüvvələr məğlubiyyətə görə çox qəzəblidirlər

Bayraqdar.info – “Ermənistanda bu cür daxili qarşıdurma, mübarizə və münaqişələrin zaman-zaman olması normaldır. Çünki 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Ermənistanın acınacaqlı məğlubiyyəti ilə bağlı bu ölkə daxilində bir hesablaşma olmadı. Kimin günahkar olduğuna dair hər hansı araşdırma ortaya qoyulmadı”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Ermənistanda son günlər yenidən baş qaldıran gərginlik, həmçinin müharibə məğlubiyyətinə görə qarşılıqlı ittihamların səslənməsi məsələsinə toxunan ekspertin sözlərinə görə, qarşı tərəf Nikol Paşinyandan hesab sormaqda israrlıdır: “Müharibə zamanı N.Paşınyan vəzifədə, həm də bu məğlubiyyətə görə bir nömrəli məsuliyyət sahibi olduğu halda müharibədən sonra seçkilərdə yenidən qalib gəldi. Normal şərtlərdə müharibəni uduzmuş bir siyasi fiqurun siyasi baxımdan cəzalandırılması gərəkdir. Amma bunun əksinə, N.Paşınyan növbəti dəfə seçkilərdə qalib gəldi”.

Müsahibimiz bildirib ki, bu da öz növbəsində Ermənistandakı bəzi siyasi qüvvələr arasında narazılıq, gərginlik yaradıb: “Ölkədə bir gərginlik hökm sürür və bu, hələ uzun müddət davam edəcək. Çünki nəticədə ölkə ordusu sarsıdıcı məğlubiyyətə uğrayıb. Bu məğlubiyyət bütün sahələrdə gərginliyə və ruh düşgünlüyünə yol açıb. Eyni zamanda, dediyim kimi bu, siyasi qüvvələr arasında da ciddi narazılığa səbəb olub. Həmin qüvvələr N.Paşinyanın hakimiyyətdə qalmasını yox, hesab verməli olduğunu bəyan edirlər. Onlar hesab edirlər ki, bu məğlubiyyət Ermənistanın gələcək addımlarına da öz mənfi təsirini göstərəcək. Xüsusilə də revanşistlər və “böyük Ermənistan” xəyalı quran qüvvələr buna görə çox qəzəblidirlər. Onlar bu məğlubiyyətin acısını N.Paşinyandan çıxmaq istəyirlər”.

“Bütün bunları nəzərə alaraq bir daha bəyan edirəm ki, Ermənistanda daxili hesablaşmalar, daxili qarşıdurmalar uzun müddət davam edəcək. Təbii ki, bu qarşıdurma da rəqib tərəflərin bir-birinə yeni və daha kəskin ittihamlar səsləndirməsi ilə müşahidə ediləcək. Bunun nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. Sadəcə ortada Ermənistan üçün acı bir reallıq var. Ermənistan uzun illər işğalçılıq siyasətindən əl çəkmədiyi üçün bu günkü acınacaqlı duruma düşdü. Ümid edirəm ki, Ermənistan cəmiyyəti və real düşünmək qabiliyyətində olan siyasi qüvvələr yaşananlardan dərs ala biləcəklər. Əks təqdirdə isə Ermənistanı bundan da ağır vəziyyət gözləyir. Çünki revanşizm ancaq Ermənistandan regiondakı öz maraqları naminə maşa kimi istifadə edn bəzi xarici güclərin və xaricdəki erməni lobbisinin işinə yaraya bilər. Ermənistanın özünə isə ancaq daha çıxılmaz labirintə düşmək təhlükəsi vəd edir”, – deyə A.Ağar sonda qeyd edib.

Mission News Theme by Compete Themes.