Press "Enter" to skip to content

Kitabxanaşünas alimə virtual sərgi həsr edildi

Mehmanəli Məmmədov

Son yeniləmə: 18 Fevral 2022 10:09

Bayraqdar.info – Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış kitabxanaşünas alimi Mehmanəli Məmmədovun anadan olmasının 65 illiyi tamam olur. Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanaşünas alim – Mehmanəli Məmmədov” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bayraqdar.info-ya bildirilib ki, virtual sərgidə fotolar, kitabxanaşünas alimin müəllifi, rəyçi olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Kitabxanadan qeyd edilib ki, M.Məmmədov 1984-1986-cı illərdə Azərittifaqın “Azkoopkitab ticarət birliyi”ndə əmtəəşünas və baş əmtəəşünas vəzifələrində işləyib. 1987-ci ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasında baş laborant və laboratoriya müdiri, 1993-cü ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

“M.Məmmədovun əsas tədqiqat obyekti Respublika kitabxanalarının beynəlxalq əlaqələri, elmi texniki kitabxanalarda mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili, fondun komplektləşdirilməsi, onun tematik-tipoloji tərkibinin öyrənilməsi, optimallaşdırılması və digər problemlərdir. 1990-1994-cü illərdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının qiyabi aspirantı olub, 2000-ci ildə “Azərbaycan Respublikası kitabxanalarında kitabxanalararası abonement sistemi” mövzusunda dissertasiya işini Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun rəhbərliyi ilə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2003-cü ildən Kitabxanaşünaslıq kafedrasının dosentidir. “Kitabxana işinin təşkili və idarə edilməsi”, “Kitabxanaların elmi metodik təminatı”, “Kitabxana işinin iqtisadiyyatı”, “Texniki kitabxanalarda mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili” və s. fənləri tədris edir. “Respublika Elmi Texniki kitabxanasında KAA təşkili”, “Kitab çeşidi işinin nəzəriyyəsi və metodikası”, “Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana informasiya xidməti”, “Sənəd-informasiya daşıyıcıları”, “Kitabxana-informasiya fəaliyyətinin menecmenti və marketinqi”, “Azərbaycanda texniki kitabxanaların inkişafı” və s. adlı monoqrafiya və dərs vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.

“Təhsil Nazirliyi M.Məmmədovu elmi-pedaqoji və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2009-cu və 2012-ci illərdə Fəxri fərmanla təltif edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.