Son yeniləmə: 18 Fevral 2022 09:36
Bayraqdar.info – Azərbaycan aqroturizm sahəsində böyük potensiala malikdir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O, bildirib ki, Qarabağa böyük qayıdış, “ağıllı kənd” layihələri və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması bu sektorun inkişafına əlavə təkan verəcək.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Xatırladaq ki, fevralın 17-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının artırılması” tvinninq layihəsi çərçivəsində “Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılmasına dair seminar keçirilib.
Tədbirdəki çıxışında O.Məmmədov həmçinin qeyd edib ki, Azərbaycanda turizm sektorunun bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Bildirilib ki, bu sektor post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından prioritet sahələrdən biri kimi müəyyən edilib.
KOBİA da turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində tədbirlər görür. Belə ki, sektor çərçivəsində yeni bazar imkanlarını öyrənmək niyyətində olan biznes subyektləri KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırmasından, daha çox turist cəlb etmək üçün aqrar sektorda innovativ yanaşmaların tətbiqində maraqlı olanlar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramından faydalana bilərlər.
O.Məmmədov deyib ki, aqroturizm sektorunda çalışmaq istəyən sahibkarlar bilik və bacarıqlarının artırılması üçün KOB inkişafı mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən, elektron təlim platformasından, eləcə də Agentliyin digər dəstək və xidmətlərindən istifadə edə bilərlər.