Press "Enter" to skip to content

AmCham FMCG Komitəsinin üzvləri məlumatlandırılıb

Son yeniləmə: 18 Fevral 2022 12:11

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Yüksək Tələbat İstehlak Malları (FMCG) Komitəsinin üzvləri arasında görüş keçirilib. Görüş Dövlət Xidmətinin rəqabətin tənzimlənməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət istiqamətləri üzrə fəaliyyətinə həsr olunub.

Bu barədə bayraqdar.info-ya fevralın 18-də Dövlət Xidmətindən məlumat verilib.

Görüşdə Dövlət Xidmətinin nümayəndələri qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Antiinhisar nəzarəti, rəqabətin məhdudlaşdırılması və rəqabətə zidd davranışların qarşısının alınması istiqamətində davamlı institusional islahatların aparıldığı bildirilib. Biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə olunduğu qeyd edilib.

Bildirilib ki, istehlakçı hüquqlarının müdafiəsində sahibkarlıq subyektlərinin rolunun artırılması və nəticə etibarı ilə istehlakçı məmnuniyyətinə nail olunması məqsədilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlarla mütəmadi görüşlər keçirilir.

Bununla yanaşı tədbir iştirakçılarına Dövlət Xidməti ilə Mediasiya Şurası arasında əməkdaşlığın mahiyyəti barədə məlumat verilib. Görüşdə həmçinin istehlakçı hüquqlarına və istehlak bazarına nəzarətə aid təkmilləşdirilmə layihələrində strateji istiqamət və bu sahələrdə keyfiyyət infrastrukturunun rolu haqqında məlumat verilib.

Sonda Dövlət Xidmətinin nümayəndələri AmCham FMCG Komitəsinin üzvlərini maraqlandıran sualları cavablandırıb.

Mission News Theme by Compete Themes.