Son yeniləmə: 16 Fevral 2022 13:19
İbrahim Yıldırımın “Azərbaycan ənənəvi uşaq oyunları” kitabı həm oxucular, həm də ali məktəb tələbələri üçün məlumatlarla zəngindir
Bayraqdar.info – “Gələcəkdə xoşbəxt və bacarıqlı bir övlad yetişdirmək istəyiriksə onlarla bərabər oynayaq. Onların oyun oynamaları üçün fürsətlər yaradaq. Bu cəhdlərimizin mükafatını həm valideyn, həm də cəmiyyət olaraq artıqlaması ilə alacagıq”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında tanınmış ziyalı, “Oxford YÖS Kursları”nın müdiri İbrahim Yıldırım deyib.
Onun sözlərinə görə, oyun cəmiyyətin, mədəniyyətin zənginliyinin göstəricisidir: “Uşaq oynayarkən nəsillər arasında bağ qurur, oyunlarda var olan və gizlənmiş olan mənəvi zənginlikləri gələcək nəsillərə ötürülməsinə zəmin yaradır. Uşaq oyunu tətbiq etdikcə, axtarır da”.
Xatırladaq ki, bir müddət öncə İ.Yıldırımın müəllifi olduğu “Azərbaycan ənənəvi uşaq oyunları” kitabı işıq üzü görüb. Bu kitabın yazılma səbəbinə dair sualımızı cavablandıran İ.Yılıdrım bildirib ki, sözügedən sahə ilə bağlı uzun illərdir araşdırma aparıb. Bu kitabda da aparılan araşdırmalar, əldə edilən bilgilər öz əksini tapıb: “2017-ci ildə Azərbaycanın bütün ərazilərindən olan 250 nəfər arasında anket sorğusu keçiridk. Qədimdən mövcud olan uşaq oyunları ilə bağlı bilgilərə malik həmin şəxslərin cəlb olunduğu sorğunun nəticəsində 87 oyunun yer aldığı materiallar sonradan əsər halına salındı və nəticədə də həm o materialın, həm də digər dəyərli məlumatların yer aldığı belə bir kitab ərsəyə gəldi”.
“Bu kitab Türkologiya və Türk Xalq Bilimi fakültəsində təhsil alan tələbələr üçün bir mənbə ola biləcəyi kimi, eyni zamanda uşaq oyunlarına maraq göstərən oxucuların da kitabxanasında yer alması üçün zəruri bir təməl əsərdir”, – deyə müəllif vurğulayıb.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, İ.Yıldırımın uşaq oyunları ilə bağlı kitab yazması heç də təsadüfi deyil. Özünün də qeyd etdiyi kimi bu sahə uzun illər onun araşdırma sahəsi olub. Hətta bir neçə il öncə onun təşəbbüsü ilə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib. Növbə ilə Almatı, Astana, Eskişehir ve Bakıda keçirilən həmin festivalda məqsəd türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişləndirilməsi, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və milli adətlərin dəstəklənməsi olub.
[…] Uşaq oynayarkən nəsillər arasında bağ qurur […]