Son yeniləmə: 16 Fevral 2022 12:12
Bayraqdar.info – Şəkildə gördüyünüz Dağıstanda nəşr edilən “Dərbənd” qəzetidir. Dağıstanın ilk qəzeti olub vaxtilə. Bir zamanlar “Şura Dağıstan” adı altında dərc edilib. Özü də türk dilində. Üstəlik də bütün Dağıstana, həm də Azərbaycana yayılıb. Yəni bu qəzet hazırda bir icmanın – bir rayonun qəzeti olsa da bir zamanlar Dağıstan kimi böyük bir coğrafiyada mətbuatın əsasını qoyanların önündə gedib.
Bu kiçik tarixi ekskursun ardında diqqət çəkmək istədiyimiz məsələ başqadır. Diqqətli oxucular yəqin ki, fərq etdilər. Qəzetin adı belə kiril əlifbasıyla yazılıb. Yəni Azərbaycan dilinin bir zamanlar istifadə etdiyi, hazırda qüvvədən düşmüş kiril əlifbasıyla…
Niyə belədir? Səbəb nədir? Axı Azərbaycan dili artıq 20 ildən çoxdur ki, kiril əlifbasından imtina edib, bütün yazılar latın əlifbasıyla icra edilir. Belə bir durumda niyə qosqoca Dərbəndin eyni adlı qəzeti hələ də kirillə dərc edilir?
Bu sualın cavabı Rusiyanın anti-insani siyasətindədir. Məhz Rusiya dövləti başqa dillərdə olan yazışmaları belə kiril əlifbasıyla icra etmə məcburiyyəti gətirib. Anormal bir durumdur. Azərbaycan dilinin rəsmi əlifbası latın əsaslı olsa da Rusiya öz ərazisində soydaşlarımızı əsir kimi tutmaqla bərabər onların ana dilinə də belə sayğısızlıq edir.
Qeyd edək ki, Rusiya dövləti təkcə bizim soydaşlarımıza qarşı deyil, bütün rus olmayanlara qarşı belə vəhşi yöntəm tətbiq edir. Hələ 2002-ci ilin noyabrında Prezident Vladimir Putin “kiril əlifbasının dövlət əlifbası” elan edilməsi haqqında qanunu imzalamışdı. Bu qanunla Rusiya ərazisində yaşayan bütün xalqların öz dillərində belə kiril əlifbasından istifadəsi məcburi elan edilirdi. Belə bir addıma səbəb olaraq qardaş Tatarıstanın tatar dili üçün latın əlifbasını tətbiq etmə qərarı alması göstərilirdi. Yəni Rusiya rus dilindən başqa dillərin də əlifba məsələsinə qarışaraq onları məcburən kirildən istifadəyə cəlb etmə qərarı verib…
İndi “Dərbənd” qəzeti də bu səbəbdən Azərbaycan dilinin rəsmi qəbul etdiyi latın əsaslı əlifba ilə deyil, kirillə dərc edilir. Bu isə həm Azərbaycan dilinə, həm də elə Azərbaycanın özünə Rusiyanın sayğısızlığıdır.
Biz illər öncə bu məsələyə münasibət bildirmişdik. İmkan olduqca da mövzunun üzərinə gedirik. Əvvəllər belə bir təklif vermişdik ki, Rusiya kimi Azərbaycan da öz ərazisində ortaq əlifba məsələsinə baxmalıdır. Yəni bizdəki rusların rus dilini latın əlifbası ilə ifadə etməsi məcburi olmalıdır. Əgər Rusiya bunu öz ərazisindəki milyonlarla qeyri-rusa, o cümlədən türkə tətbiq edirsə, bizim də haqqımız var ki, öz torpağımızdakı ruslara bənzər üsul tətbiq edək. Niyə də yox?
Yaxud da Rusiya zəhmət çəkib Azərbaycan dövlətinin rəsmi dilinin əlifbasından istifadə üçün şərait yaratmalı və “Dərbənd” qəzetini təcili latın əlifbasına keçirməlidir…