Press "Enter" to skip to content

Regionlardakı rəsm qalereyalarının işindən danışılıb

Sevda Məmmədəliyeva

Son yeniləmə: 16 Fevral 2022 19:37

Bayraqdar.info – 15 fevral 2022-ci il tarixində regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinə həsr olunmuş iclas keçirilib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasa mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva sədrlik edib. İclasda regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının rəhbərləri iştirak ediblər.

S.Məmmədəliyeva ölkədə mədəniyyətin inkişafı ilə bağlı görülən mühüm işlərdən bəhs edib. O, paytaxtla yanaşı, regionlarda da mədəniyyət müəssisələrinin əsaslı təmir və yeni binalarla təchiz edilməsi, həmçinin müasir üslubda bədii-tərtibat işlərinin həyata keçirilməsi istiqamətində müvafiq işlərə bağlandığını bildirib.

Sevda Məmmədəliyeva rəsm qalereyaları ilə bağlı ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, maarifləndirilmə istiqamətində tədbirlərin həyata keçirildiyini, Nazirlik tərəfindən rəsm qalereyalarında saxlanılan Azərbaycan rəssamlarının yaratdığı yüksək bədii və tarixi əhəmiyyətə malik əsərlərin qorunmasından danışıb. O, Respublika və beynəlxalq sərgilərdə nümayişi, qalereyalarda müxtəlif tədbirlərin keçirilməsi, əməkdaşların və rəhbər işçilərin kadr-peşə hazırlığının artırılması istiqamətində lazımi işlərin həyata keçirilməsi ilə bağlı müvafiq layihələrin hazırlandlğını, həmçinin rəsm qalereyalarına peşəkar kardların yetişdirilməsi və ümumi fəaliyyətin təkmilləşdirilməsi istiqamətində yol xəritəsinin hazırlandığını qeyd edib.

“Daha sonra Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxış edərək rəsm qalereyalarının fəaliyyətinin fəallaşdırılması, gənc mütəxəssislərin cəlb olunması, əməkdaşların dil biliklərinin artırılması, fondların zənginləşdirilməsi, hər bir əsər üzərində elmi-tədqiqat işlərinin aparılması məsələlərinin vacibliyini vurğulayıb. N.Abdullayeva regionlarda fəaliyyət göstərən rəsm qalereyalarında çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması zəruriliyindən danışıb.

“Onlayn görüş zamanı Mingəçevir, Laçın, Ağstafa, Qazax, Biləsuvar, Xaçmaz və Neftçala dövlət rəsm qalereyalarının rəhbərləri tərəfindən qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülmüş təkliflər müzakirə edilib”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.