Son yeniləmə: 16 Fevral 2022 09:53
Bayraqdar.info – Fevralın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən bu dəfəki hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Nəqliyyat vasitələrindən birinə edilən təklif ilkin start qiymətindən 6 dəfə çox olub.
Belə ki, ilkin satış qiyməti 2 min 500 manat olan “Ural” markalı avtomobilə edilən ən son təklif 15 min 100 manatadək yüksəlib. Bundan başqa, “Hyundai Sonata” markalı avtomobilin ilkin start qiyməti 7 min manat olsa da, nəqliyyat vasitəsi 10 min 600 manata özəlləşdirilib.
Özəlləşdirilən obyekt və kiçik dövlət müəssisəsi Beyləqan və Şəmkir rayonlarında yerləşir. Bu dəfəki hərracda özəlləşdirilmiş əmlaklar üzrə dövlət büdcəsinə 100 min 855 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.