Press "Enter" to skip to content

Denizlidə silsilə tədbirlər keçiriləcək – ÖZƏL

Hudaverdi Otaklı

Son yeniləmə: 16 Fevral 2022 09:43

Hudaverdi Otaklı: Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edəcək

Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar qardaş Türkiyənin Denizli şəhərində silsilə tədbirlər keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Denizli Böyükşəhər Bələdiyyəsinin Kültür ve Sosyal İşler Dairesi başqanı Hudaverdi Otaklı məlumat verib.

Onun sözlərinə görə, silsilə tədbirlərə fevralın 23-də başlanacaq. Belə ki, həmin gün Denizlidəki Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət olunacaq.

H.Otaklı deyib ki, bu ziyarətdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edəcək. Fevralın 23-də Denizliyə səfəri zamanı Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan, Denizli valisi Ali Fuat Atiklə görüşəcək səfir, həmçinin Pamukkale Universitetində də olacaq. Elə həmin gün yerli vaxtla saat 11:00-da Xocalı Soyqırımı abidəsi ziyarət olunacaq. Abidə önünə qərənfil düziləcək və şəhidlərin xatirəsi yad ediləcək.

Bildirilib ki, səfiri ziyarət zamanı Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan və vali Ali Fuat Atik müşayət edəcək: “Abidə önünə qərənfil qoyulduqdan sonra səfir Denizlidəki Azərbaycan Qarabağ Parkında ağac əkəcək. Eyni zamanda, işğaldan azad edilmiş Qarabağdan gətirilmiş torpaq parkdakı ağacların dibinə töküləcək”.

Həmin gün saat 13:30-da Denizli Böyükşəhər Bələdiyyəsinin Nihat Zeybekçi Konqres və Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş fotosərgi və “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi dəyişiklik” adlı konfrans keçiriləcək. Konfrans Azərbaycanın Türkiyədəki səfirliyi, Denizli Böyükşəhər Bələdiyyəsi və Türk Ocaqları Denizli şöbəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.Prof. Dr Turgut Tokun moderatorluğu ilə keçiriləcək konfransda səfir R.Məmmədov, Doç. Dr. Esma Özdaşlı (Burdur M.Akif Ersoy Universiteti) və tanınmış ziyalı Sedat Serdaroğlu məruzələrlə çıxış edəcəklər.

Onu da qeyd edək ki, həm Esma Özdaşlı, həm də Sedat Serdaroğlu mütəmadi olaraq bayraqdar.info-da aktual mövzularla bağlı məqalələrlə, özəl yazılarla çıxış edirlər.

Fevralın 26-da isə şəhər rəhbərliyi, ziyalılar, Denizlidə yaşayan və təhsil alan azərbaycanlılar ənənəvi olaraq Denizlidəki Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət edəcəklər. Ziyarət hər iki ölkənin dövlət himnlərinin oxunması və şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanacaq.

Daha sonra soyqırıma həsr edilmiş şeirlər oxunacaq. Mərasim çıxışlardan sonra başa çatacaq.

 

Mission News Theme by Compete Themes.