Press "Enter" to skip to content

“Ağıllı şəhər” ideyası bütün ölkədə tətbiq ediləcək

"Ağıllı kənd"

Son yeniləmə: 16 Fevral 2022 14:22

Bayraqdar.info – Ölkə başçısı İlham Əliyev Qarabağın işğaldan azad edilmiş ərazilərindəki qəsəbə, kənd və şəhərlərin “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin əsasında qurulacağını bildirib.

“Ağıllı ev” haqqında insanların az-çox məlumatı olsa da çoxları “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin necə qurulacağı haqda çox da məlumatlı deyil. Bu şəhər, kənd və qəsəbələr hansı formada qurulub yaradılacaq? “Ağıllı şəhər”lər necə idarə ediləcək? Bu kimi suallarla bayraqdar.info Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramova müraciət edib.

Millət vəkilinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə formalaşacaq inkişaf modeli beynəlxalq standartlara əsaslanacaq, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə həyata keçiriləcək.

Millət vəkili Vüqar Bayramov

Millət vəkili deyir: “Cənab Prezident məhz işğaldan azad olunmuş ərazilərdə formalaşacaq inkişaf modelinin daha sonra digər rayonlara transfer ediləcəyilə bağlı bəyanat verib. Bu ondan xəbər verir ki, formalaşacaq infrastruktur, bütövlükdə menecment beynəlxalq standartlara və yeni çağırışlara uyğun həyata keçiriləcək. Bu gün dünyanın bir çox aparıcı şəhərlərində “Ağıllı şəhər” konsepsiyası informasiya və kommunikasiya texnologiyalarına inteqrasiya olunur. Bu da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu, həm aktivlərin idarə edilməsi, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir. Eyni zamanda nəqliyyat sistemi, enerji, su təminatı, xəstəxana və məktəblər də daxil olmaqla, sosial istiqamətdə monitorinq imkanlarının aparılması anlamına gəlir. Nəticə etibarilə informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması, şəhər üzrə monitorinqlərin keçirilməsi reallaşır. Bu da şəhərin bütövlükdə idarə edilməsində informasiya texnologiyalarından daha çox istifadəsi anlamına gəlir ki, idarəetmədə xərclərin azaldılması, effektivliyin artırılması baxımından olduqca vacibdir. Eləcə də, həmin şəhər sakinlərilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm də daha asan həyata keçirilməsi, eyni zamanda vətəndaş-məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verir”.

“Ağıllı şəhər”

V.Bayraqmovun sözlərinə görə, dünya praktikasında “ağıllı şəhər”in 10 böyük üstünlüyü var. Birinci sırada səmərəli bilgilərə (data) və göstəricilərə əsaslanan qərarların verilməsi prosesidir.

“Təbii ki, bu, şəhərin idarəedilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir.

“İkincisi, layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil tətbiqlərdən, portallardan, onlayn alətlərdən istifadə etməklə şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar”, – deyə V.Bayramov bildirib.

Millət vəkili qeyd edir ki, “Ağıllı şəhər”in daha bir üstünlüyü təhlükəsiz icmaların yaradılmasıdır: “Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. “Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz yerə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından “ağıllı şəhər”lərdə istifadə olunur.

““Ağıllı şəhər”lərin 5-ci üstünlüyü nəqliyyatın yüksək inkişafıdır. Dünya təcrübəsində “ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda tıxacların aradan qaldırılması baxımından vacibdir.

“Növbəti üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Təbii ki, Wi-Fi-ın daha geniş ərazidə istifadə olunması, sürətinin artırılması kimi məqamlar orada öz əksini tapır.

“Ağıllı şəhər”

“7-ci məqam iqtisadi inkişaf üçün imkanların yaradılmasıdır. Belə ki, “Ağıllı şəhər” yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.

“8-ci üstünlük isə “ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsidir. Layihənin 9-cu üstünlüyü infrastrukturun inkişaf etdirilməsidir.

““Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun.

“Nəhayət, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir. Bu baxımdan konsepsiya bir sıra inkişaf etmiş ölkələrin iri şəhərlərində istifadə olunur. Həmin ideyanın işğaldan azad edilmiş ərazilərdəki şəhər və kəndlərdə tətbiq edilməsi, həmin ərazilərin beynəlxalq standartlara uyğun qurulması, həm də yeni inkişaf modelinin tətbiqinə imkan yaradacaq”.

Mission News Theme by Compete Themes.