Son yeniləmə: 16 Fevral 2022 18:31
Bayraqdar.info – Xəbər verildiyi kimi, Rusiya Dövlət Duması Ukraynadakı bölücü Donetsk və Luganskı “müstəqil” dövlət kimi tanımaq üçün Prezident Vladimir Putinə müraciət edib. Məsələyə münasibət bildirən ABŞ dövlət katibi Entoni Blinken belə bir addımın Ukraynanın suverenliyini zədələyəcəyini bildirib.
ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya fevralın 16-da daxil olan xəbərə görə, Kreml bu qərarı təsdiqlərsə belə bir davranış Rusiyanın Minsk razılaşmalarına sadiq olduğunu şübhə altında qoyacaq. Bu razılaşmalar Ukraynanın Rusiya dəstəkli qüvvələrin nəzarətində olan Donbas bölgəsinin tam olaraq siyasi, sosial və iqtisadi cəhətdən reinteqrasiyasını nəzərdə tutur.
E.Blinken qeyd edib ki, Dumanın bu qərarının gerçəkləşməsi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü bundan sonra da təhdid edəcək, beynəlxalq hüququn ciddi şəkildə pozulması olacaq. Eyni zamanda Rusiyanın münaqişəni dinc yolla çözmə bəyanatını şübhə altına almaqla ABŞ-ın öz tərəfdaşlarıyla birlikdə sərt tədbirlər görməsinə səbəb olacaq.