Son yeniləmə: 16 Fevral 2022 18:33
Bayraqdar.info – 1307 şəxsin pensiyası yenidən hesablanaraq artırılıb.
Bu barədə bayraqdar.info-ya fevralın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur.
Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir.