Press "Enter" to skip to content

“Yalançı” çərşənbə – oğru üsgü

Bəhmən Faziloğlu

Son yeniləmə: 15 Fevral 2022 14:23

Birinci üç çərşənbə “oğru üsgü”, ikinci üç çərşənbə “doğru üsgü”, sonuncu çərşənbə isə “ilin axır çərşənbəsi”dir 

Bəhmən Faziloğlu – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent

Bayraqdar.info – Fevralın 15-i “yalançı çərşənbə”dir. Bütün bayramlar, xüsusi ilə təbiətlə bağlı bayramlar sonralar inanclarla bəzədilib, zənginləşdirilib. Bu baxımdan Novruz da astronomik bayramdır, bu bayramın mahiyyətini dərk etmək üçün astronomik prosesləri izləmək vacibdir. Novruz xalq təqviminə əsaslanan sistemdir, bu bir-biri ilə sıx bağlıdır, bir-birini tamamlayır. Qış gündönümündə Günəş Zodiakın ən dərin guşəsinə – Oğlaq (Təkə) bürcünə girir. Dekabrın 22-dən sonra Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə doğru hərəkəti başlayır. Novruza qədər son 50 gündə, yəni 7 çərşənbə müddətində Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. Xüsusilə 4 doğru çərşənbə müddətində Günəşin hərəkəti havanın istiliyinin artması, buzların əriməsi, yaşıllığın çoxalması görünür. Kiçik Çillədən sonra ilk çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik.

Əslində Novruzun 7 çərşənbəsi var; 3 oğru (oğru çərşənbə, oğru buğ, oğru üsgü) və 3 doğru (doğru çərşənbə, doğru buğ, doğru üsgü) çərşənbə, bir də ilaxır çərşənbə. Əslində birinci üç çərşənbəyə, “oğru üsgü”, ikinci üç çərşənbəyə “doğru üsgü”, sonuncu çərşənbəyə isə “ilin axır çərşənbəsi” deyilməlidir.

Astronomik baxımdan da Novruza qədərki 50 gün xüsusi seçilir. Kiçik Çillə – Yalquzaq ayı başlayanda Novruza 50 gün qalır. Novruzun 7 çərşənbəsindən 3-ü “oğru çərşənbə”, “oğru buğ”, “oğru üsgü” çərşənbələri Kiçik Çilləyə – Yalqızaq ayına düşür. Maraqlıdır, Əhmədbəy Ağaoğlu yazır ki, “21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”.

Kiçik Çillə – Yalquzaq ayı başlayır

Gələn həftədən doğru çərşənbələr başlayır

Yəni faktiki olaraq, artıq iki yalançı və ya oğru çərşənbəni (oğru üsgü) keçmişik. Bu gün isə növbəti yalançı – oğru çərşənbə qeyd olunur. Onu da deyək ki, bəzi hallarda yalançı və oğru çərşənbələr məsələsində qarmaqarışıqlıq yaranır. Hətta gələn həftə keçiriləcək ilk doğru çərşənbənin də “yalançı çərşənbə” adlandırılmasına rast gəlirik. Faktiki olaraq, yalançı çərşənbə dedikdə elə “oğru çərşənbə” nəzərdə tutulur. Bu gün isə yalançı çərşənbələrdən “oğru üsgü”dür. Üsgü od, isti mənasındadır. Nə qədər “yalançı” olsa da, təxminən fevralın 15-dən, yəni bu “oğru çərşənbədən” sonra qışın hökmü azalmağa başlayır.

Bu çərşənbələrin hər birinin adət-ənənələri, üsul və qaydaları vardı. Ancaq zaman keçdikcə bu üsul və qaydalar bir növ qarışmış, bütün çərşənbələrdə yerinə yetirilən adət və mərasimlərə çevrilmişdir. Yaxud qalıqlar şəklində mövcudluqlarını saxlayır. Bu adət və mərasimlərin formalaşmasına təsir göstərən ilk növbədə Yalquzaq ayı, yəni Kiçik Çillə başlayandan keçən 50 gün ərzində iqlimin dəyişməsi ilə bağlıdır.

Təsadüfi deyil ki, deyirlər: “Əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi”. “Oğru üsgülər”lər “doğru çərşənbə”lərə, yəni “doğru üsgülər”ə hazırlıq dövrü sayılır, xüsusi ilə bağçılıq, əkinçilik işləri başlayır. Yalançı çərşənbədə də alatoran vaxtı saman-küləş yandırılır, xüsusi bayram və ya çərşənbə süfrəsi açılmır, “doğru üsgü”lərdə olduğu kimi, xüsusi mərasimlər yerinə yetirilmir, amma nənələrin boxçasındakı ceviz-fındıq uşaqlara paylanılır. Eyni zamanda burada çoxvariantlılığı da unutmamaq lazımdır, təkcə bölgələrdə deyil, hətta ayrı-ayrı ailələrdə bu “yalançı çərşənbə”yə münasibət fərqli ola bilər. Ən azı bu günün xatırladılması insanları psixoloji-mənəvi baxımdan səfərbərliyə alır, qarşıda “doğru çərşənbə”lərin, “İlaxır şərşənbə”sinin, Novruz bayramının gəldiyini xatırladır, tezliklə dəyişikliklərin baş verəcəyini xəbər verir.

Mission News Theme by Compete Themes.